AzQAC və BQXK ilə birgə əmkədaşlığı çərçivəsində könüllülər üçün Mina və Partlamamış hərbi sursatların təhlükəsinə dair təlim keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC və BQXK ilə birgə əmkədaşlığı çərçivəsində könüllülər üçün Mina və Partlamamış hərbi sursatların təhlükəsinə dair təlim keçirilib

29 iyul-2 avqust 2024-cü il tarixlərində  Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə əməkdaşlıq sayəsində Bakı şəhərində QAC-nin Gədəbəy, Tovuz, Qazax,  Ağdam, Cəbrayıl, Xocavənd, Bərdə, Füzuli, Sumqayıt şəhər və rayon bölmələrinin könüllülərinə  Beynəlxalq Qızıl Xaç komitəsinin və AzQAC-nin ekspertləri tərəfindən 5 günlük “Mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr” mövzusunda təlim təşkil edilib.
 
     Tədbirin  məqsədi könüllülərin bilik və bacarığının artırılması, gələcək fəaliyyətlərdə əhali arasında peşəkarcasına maarifləndirmə işlərinin həyata keçirilməsinə dəstək olmaqdan ibarət idi.  Eyni zamanda yeni könüllülərin növbəti təlimlərə cəlb olunması məqsədilə hazırlıq işlərinin davamlı aparılması üçün tövsiyə xarakterli müzakirələrin aparılması nəzərdə tutulmuşdur. Növbəti mərhələdə hazırlıq keçmiş könüllülərin sayının 300 nəfərə çatdırılması hədəf olaraq qarşıya qoyulmuşdu. Onu da qeyd etmək lazımdır ki, artıq 221 nəfər mina təhlükəsizliyi üzrə təlim keçmiş gənc könüllü bu yönümlü fəaliyyətlərdə iştirak edəcəklər. Qeyd edilən fəaliyyətlərin həyata keçirilməsində AzQAC-nın prezidenti,  Milli Məclisin deputatı Novruz Aslanov lazımi dəstək göstərərək müvafiq tapşırıq vermiş, bu tapşırığa uyğun olaraq Cəmiyyətin İcraçı Katibi Ceyhun Mirzəyevin iştirakı ilə birgə müzakirələr aparılmış, məsələnin aktuallığının daim diqqətdə saxlanılması qeyd edilmiş, iş planına uyğun olaraq  növbəti fəaliyyət istiqamətləri müəyyən edilmişdir.
   AzQAC rəhbərliyinin BQXK ilə birgə apardığı müzakirələr nəticəsində müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətlər hal-hazırda aidiyyatlı bölgələr üzrə icra edilməkdədir.
    Tədbirdə Cəmiyyətin Miqrasiya şöbəsinin müdiri, Silahlara Qarşı Mübarizə proqramının koordinatoru Məmməd Kətanov, Cəmiyyətin Humanitar yardım şöbəsinin müdiri Əliağa Abbasov, BQXK-nın Silahların Yaratdığı Təhlükələr şöbəsinin  əməkdaşları Rövşən Hümbətov, Çingiz Rəhmanov, Nicat Məmmədov iştirak ediblər. Təlimə cəlb olunan 32 nəfər könüllü təlim keçərək növbəti fəaliyyətlərə cəlb olunacaqlar.
 
       Tədbirin sonunda iştirakçılara Beynəlxalq Qızıl Xaç komitəsi tərəfindən Şəhadətnamələr təqdim olunub. Sonda iştirakçılarla birlikdə xatirə şəkli çəkilib.
 
      Bu fəaliyyətlərin həyata keçirilməsində səmərəli əməkdaşlığa, eyni zamanda göstərdikləri dəstəyə görə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.
 
      Növbəti mərhələdə AzQAC və ANAMA ilə birgə əməkdaşlıq çərçivəsində ANAMA mütəxəsissləri tərəfindən Cəmiyyətin könüllüləri üçün partayıcı sursat təhlükəsinə dair maarifləndirmə (PSTM) üzrə təlimçilər üçün təlim təşkil etməyi planlaşdırır.