"Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda silsilə maarifləndirmə sessiyaları davam edir

Əsas səhifə / XƏBƏRLƏR / "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda silsilə maarifləndirmə sessiyaları davam edir

       31 iyul-2 avqust 2024-cü il tarixlərində  Azərbaycan Qızıl Aypara Cəmiyyəti  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi  ilə birgə əməkdaşlıq çərçivəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda silsilə maarifləndirmə sessiyalarını Füzuli və digər bölgələrdə davam etdiririk.

     Maarifləndirici sessiyaların keçirilməsində əsas məqsəd “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair” I Dövlət Proqramının icrası çərçivəsində Füzuli şəhərinə köçürülmüş sakinlərə mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı məlumatların verilməsi və onların hələ də mövcud təhlükələrdən qorunmasını təmin etməkdir.  

    Növbəti mərhələdə sessiyalar Füzuli şəhəri ərazisində artıq məskunlaşmış əhali qrupu  üçün təşkil olunub.  "Qapı-qapı” formatında keçirilən maarifləndirici sessiyaları AzQAC-ın Miqrasiya şöbəsinin müdiri, Silahlara qarşı mübarizə layihəsinin koordinatoru Məmməd Kətanov, koordinator müavini Renat Vəliyev və Cəmiyyətin təlim keçmiş 12 nəfər könüllüsündən ibarət heyəti tərəfindən gerçəkləşdirilib. “Qapı-qapı” sessiyasında təlimçilər mənzillərə gedərək ailə üzvlərinə zəruri məlumatlar verib, onların suallarını cavablandırıblar.

    Maarifləndirmə sessiyalarında  xəbərdaredici və məlumatlandırıcı nişanlar, mina təhlükələrindən qorunmaq barədə məlumatlar verilib. Daha sonra maarifləndirici broşürlər paylanılıb, aidiyyatlı əyani vəsaitlərdən istifadə edilib, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri  xatırladılıb.

    Mina və PHS təhlükəsi ilə bağlı maarifləndirici 11172 sessiya üzrə ümumilikdə 27161 nəfər əhali qrupu  sessiyalardan bəhrələnmişdir. Bütün bu fəaliyyətlərin davamı olaraq digər ərazilərdə də bu yönümlü sessiyalar həyata keçirilməsi nəzərdə tutulub.  Görülən işlər əhali tərəfindən böyük  rəğbətlə qarşılanıb. Uğurlu fəaliyyətin baş tutmasında göstərdiyi hərtərəfli dəstəyə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti cənab Novruz Aslanova, layihənin bütün iştirakçıları adından öz dərin təşəkkürümüzü bildiririk. Məhz onun işgüzar münasibətlərinin sayəsində hökumət və dövlət qurumları ilə səmərəli əməkdaşlıq qurulmuş, gələcək fəliyyətlər üçün geniş imkanlar yaradılmışdır.
 
   Növbəti mərhələdə AzQAC və ANAMA ilə birgə əməkdaşlıq çərçivəsində ANAMA mütəxəsissləri tərəfindən Cəmiyyətin könüllüləri üçün partayıcı sursat təhlükəsinə dair maarifləndirmə (PSTM) üzrə təlimçilər üçün təlim təşkil etməyi planlaşdırır.  Bu günə qədər Qızıl Aypara Cəmiyyətnin 200 yaxın könüllüsü üçün təşkil edilmiş bütün təlimlərə görə ANAMA Agentliyinin rəhbərliyinə və təlimçilərə öz təşəkkürümüzü bildiririk.
Eyni zamanda bildirik ki, ANAMA Agentliyi ilə Əməkdaşlıq dərin köklərə söykənir. Bü müddət ərzində ən etibarlı tərəfdaş kimi birgə fəaliyyətlərə hərtərəfli dəstək göstərir.