AzQAC uzun illərdir ənənəvi qaydada, xüsusilə də, qaçqın və məcburi köçkünlərə humanitar yardımlar edir, ilk yardım təlimləri, sağlam həyat tərzi üzrə maarifləndirmə sessiyaları, Azərbaycan dili dərsləri və s. təşkil edir.
20 sentyabrda AzQAC Miqrasiya şöbəsi nəzdində ölkəmizə
pənah gətirmiş miqrantların təhsili və bununla bağlı məsələlərin təşkili üçün
yaradılmış işçi qrupun üzvlərinin görüşü olub. Görüşdə iştirakçılar miqrantların yeni dərs ilinə hazırlığının tələb
və təkliflərə uyğun şəkildə təşkili, bu yönümdə rast gəlinən problemlər və
onların mümkün həll yolları, miqrant şagirdlərin orta təhsil müəssisələrinin
müvafiq siniflərinə və valideynlərin də müvafiq iş yerlərinə lazımi dil biliyi
səviyyəsinə istinadən qəbul edilmələri və bu prosesdə bəzi çatışmazlıqların olması fəal şəkildə müzakirə
edilib. Müzakirə zamanı BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığı Bakı
ofisi tərəfindən miqrant ailələrə ehtiyaca müvafiq məktəb hazırlığı üçün edilən
maddi yardım, tibbi ehtiyaclarının qarşılanması, boş vaxtlarının səmərəli təşkili,
əlavə dərs məşğələlərinin təşkili, ölkədəki ali təhsil ocaqlarında təhsil üçün
onlara maddi dəstəyin göstərilməsindəki mühüm məqamlar və s. geniş müzakirə
olunub.
Görüşdə AzQAC Miqrasiya şöbəsinin təhsil işləri üzrə
əməkdaşı, kursun Azərbaycan dili müəllimi Sona Hacıyeva, kursun işi, müdavimlərin
davamiyyət səviyyəsi və son nəticələr barəsində
fikirlərini söyləyib. Nəticələr xeyli ürəkaçan olub. Kursa 11 tədris ili
ərzində xeyli sayda müdavim qatılmış və hər ilin sonunda 35-55 miqranta, bu il
isə 22 miqranta müntəzəm davamiyyət və yaxşı göstəriciyə görə 9 aylıq kursun şəhadətnaməsi
verilib.
Sona müəllim pandemiyanın yaratdığı çətinliklərlə və
Əfqanıstandakı hakimiyyət çevrilişi ilə bağlı yeni əfqanların ölkəyə daxil
olmasındakı məhdudiyyətlə bağlı qeydiyyatın əvvəlki illərə rəğmən az olduğuna
baxmayaraq bu il də onların kursa qatılacağını söyləyib. Onlar üçün bu kursun
çox əhəmiyyətli olduğunu vurğulayıb və kursun yenidən başlayacağından çox məmnun
olduğunu söyləyərək bu ilki dərs ili üçün bir neçə təkliflər səsləndirilib.
O, bugünki əhatəli görüşdən məmnunluğunu ifadə edərək bildirdi ki, miqrantlara eyni zamanda ölkə tarixi, coğrafiyası, ədəbiyyatı, sosial-iqtisadi həyatı barədə də məlumatlar verilir və onların görməli yerlərə, tarixi məkanlara ekskursiyalar,daxili imkanlar və fərdi ianəçilərin vasitəsilə humanitar yardımlar təşkil olunur. Cəmiyyət öz fəaliyyətinin davamı kimi 1 oktyabr onlar üçün təmənnasız Azərbaycan dili kursunun 12- ci tədris ilinin açılışını edəcək.