1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Gününə” həsr olunmuş tədbir keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Gününə” həsr olunmuş tədbir keçirilib

2025-ci il mayın 30-da, 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Xəzər rayonunun Şüvalan qəsəbəsində uşaqlar üçün möhtəşəm bayram tədbiri keçirildi. Tədbir uşaqların sevinc, həyəcan və bayram coşqusunu yaşadıqları anlarla yadda qaldı.
Bayram münasibətilə uşaqlar üçün rəngarəng və əyləncəli proqram hazırlanmışdı. Tədbir çərçivəsində təşkil olunan intellektual oyunlar, rəsm müsabiqələri, şeir və rəqs kompozisiyaları uşaqların böyük marağına səbəb oldu. Hər bir fəaliyyətin əsas məqsədi uşaqların yaradıcı təfəkkürünü inkişaf etdirmək, onların intellektual və bədii potensialını üzə çıxarmaq idi.
Tədbirin keçirildiyi ərazi rəngarəng balonlar və bəzək elementləri ilə bəzədilmiş, bayram əhval-ruhiyyəsi yaradılmışdı. Ərazidə uşaqların əl işlərindən ibarət sərgi də təşkil olunmuşdu. Bu sərgidə rəssamlıq və əl sənəti ilə maraqlanan uşaqlar öz bacarıqlarını nümayiş etdirmək fürsəti qazanmışlar. Onların hazırladığı əl işləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Bayram tədbiri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı, Şüvalan qəsəbə Bələdiyyəsi və Xəzər Gənclər Evinin dəstəyi ilə baş tutub. Bu əməkdaşlıq nəticəsində tədbir uşaqların asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq qabiliyyətlərinin stimullaşdırılması və sosiallaşma imkanlarının artırılması baxımından olduqca əhəmiyyətli bir platformaya çevrildi.
Tədbirin sonunda bütün uşaqlara bayram hədiyyələri təqdim olundu. Uşaqların sevinc dolu simaları və xoşbəxtliyi tədbirin məqsədinə tam şəkildə çatdığını göstərdi. Tədbirdə 300-dən çox uşaq iştirak edib.
Bu kimi tədbirlər uşaqların rifahı, fiziki və psixoloji inkişafı, cəmiyyətə inteqrasiyası baxımından böyük əhəmiyyət daşıyır. Xəzər rayonunda uşaqlara göstərilən diqqət və qayğı onların sağlam, vətənpərvər və xoşbəxt bir gələcək üçün yetişdirilməsinə yönəlmiş mühüm addımlardan biridir.