Haqqımızda

Əsas səhifə / Haqqımızda


Azərbaycan Qızıl Aypara Cəmiyyəti

Status           

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Respublikada fəaliyyət göstərən və dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. AzQAC dünyada nəhəng humanitar şəbəkəyə malik olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ayrılmaz üç tərkib hissəsindən biridir. (Hərəkatın tərkib hissələri: Beynəlxalq Qızıl Xaç Komitəsi, Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası).

Tarixi ardıcıllıq       

Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci il mart ayının 10-da təsis edilmişdir. Milli Cəmiyyət müsəlman şərqində ilk Demokratik Respublika olan Azərbaycan Cümhuriyyətinin (1918-1920) varislərindən sayılır. Milli Cəmiyyətin yaradılmasının təşəbbüskarı Azərbaycan Demokratik Cümhuriyyətinin hərbiyyə (müdafiə) naziri əvəzi, məşhur tarixi şəxsiyyət, general-leytenant Əliağa Şıxlinski olmuşdur. O zaman Azərbaycan Demokratik Cümhuriyyətinin Xarici İşlər Naziri Fətəli Xan Xoyski də Milli Qızıl Aypara Cəmiyyətinin yaradılmasının ən yaxın dəstəkçilərindən biri olmuşdur. Milli Qızıl Aypara Cəmiyyəti müharibə şəraitində vətənin hərbi idarəsinə yardım etmək (Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı ilk yarandığı gündən bu günədək əsas məqsədi müharibə şəraitində yaralı əsgərlərə və müharibədə iştirak etməyən hər bir mülki şəxsə yardım etməkdir) və  zərər çəkən əhaliyə dəstək verməyi öz üzərinə götürmüşdür.

1920-ci ilin məlum aprel hadisələrindən sonra (Azərbaycan Demokratik Cümhuriyyətinin Sovet ordusu tərəfindən işğalı) bolşeviklərin lideri Vladimir İliç Leninin müvafiq tapşırığı əsasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinə məxsus olan bütün əmlak ondan alınaraq dövlətə təhvil verilmişdir. 1922-ci ilədək Azərbaycanda formal olaraq Kuznetsov adlı bir şəxsin rəhbərliyi ilə Rusiya Qızıl Xaç Cəmiyyətinin nümayəndəliyi fəaliyyət göstərmişdir.  1922-ci ilin oktyabr ayında Azərbaycan Sovet Respublikasının Xalq Komissarları Şurasının qərarı ilə yenidən Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Hilal Əhmər) yaradılmışdır. Kuznetsova isə bu Cəmiyyətə nəzarət etmək tapşırılmışdır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1922-1991-ci illər ərzində Ümumittifaq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin üzvü kimi humanitar fəaliyyətini davam etdirmişdir.

1991-ci ildə Sovetlər Birliyi dağıdıldıqdan sonra yenidən müstəqiliyə qovuşan Azərbaycan Respublikası özünün Milli Qızıl Aypara Cəmiyyətinə də Beynəlxalq Standartlara uyğun şəkildə müstəqillik vermişdir. Müstəqil Azərbaycan Respublikasına qarşı torpaq iddiası ilə çıxış edən qonşu Ermənistan Respublikası təcavüzü nəticəsində 20 % torpaqlar işğala məruz qaldı (1994-cü ildə tərəflər arasında atəşkəs rejimi elan olundu,  Azərbaycanın 20 % torpaqları işğal altında qalmaqda idi). Hələ 1992-ci ildə Xocalı Soyqırımından dərhal sonra Beynəlxalq Qızıl Xaç Komitəsi özünün mandatına uyğun olaraq Azərbaycanda öz nümayəndəliyini açmış və . Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə tərəfdaş qismində humanitar fəaliyyətlər həyata keçirməyə başlamışdır.

1992-1995-ci illər ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsi ilə 600-dək vətəndaşımız erməni əsirliyindən azad edilib vətənlərinə qaytarılıb.  Məlum müharibə Ermənistan Respublikasında tarixi torpaqlarında yaşayan 300 minədək soydaşımızın oradan qovulması ilə qaçqın və işğal olunmuş 20 % Azərbaycan torpaqlarından 700 minədək vətəndaşımızın köçürülməsi ilə məcburi köçkün statusunu almışdır. Bu çətin anlarda İran və Türkiyə Qızıl Aypara Cəmiyyətlərinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinə və ümumiyyətlə Azərbaycan Dövlətinə dəstəyi böyük olmuşdur. Digər ölkələrin də Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri də Azərbaycanın bu dar günündə öz yaxın dəstəyini vermişdir. İran və Türkiyə Qızıl Aypara Cəmiyyətləri sayı 100 minlərlə ölçülən qaçqın və məcburi köçkünlərimizə sığınacaq olaraq çadır şəhərcikləri yaratmış və vətəndaşlarımızın gündəlik təlabatlarını ödəmişlər. Humanitar böhranın miqyasını görən Azərbaycan Qızıl Aypara Cəmiyyəti yardım üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına rəsmi müraciət etmişdir. Müraciətə 1994-cü ildə müsbət cavab gəlmişdir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası Azərbaycanda nümayəndəliyini açaraq bütün qaçqın və məcburi köçkün şəhərciklərinin idarəolunması və təmin olunması işini öz üzrəinə götürmüşdür. Sözsüz ki, o uzun və keşməkeşli illər ərzində burada Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də rolu əvəzolunmaz olmuşdur.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən müstəqil, neytral və qərəzsiz təşkilat kimi rəsmən tanınması, həmçinin Milli Cəmiyyətimizin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyasının daimi bərabərhüquqlu üzvü olması üçün dövlətin özünün təşkilatı rəsmən tanıması lazım idi. Bu niyyətlə də 1994-cü il 25 noyabr tarixində Azərbaycan Respublikası Milli Məclisinin 926 nömrəli qərarı qəbul edildi. Bu qərara əsasən Azərbaycan Respublikası özünün Milli Qızıl Aypara Cəmiyyətini ölkə ərazisində fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına aid olan yeganə rəsmi humanitar qurum kimi tanımışdır. Bu qərardan sonra Milli Qızıl Aypara Cəmiyyəti öncə 1995-ci ilin noyabr ayının 1-də Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən rəsmən tanındı və elə həmin ayın 27-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının tam bərabərhüquqlu üzvü seçildi.

1999-cu ildən bu günədək Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti , millət vəkili Novruzəli Aslanovdur.

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə hər ilin 10 mart tarixi Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 12 nəfər şəfqət işçisi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən ali medalı sayılan Florens Naytingeyl medalı ilə təltif olunmuşlar. Bunlar aşağıdakılardır:

Səriyyə Talışxanova (1979-cu ildə), Rəşidə Qasımzadə (1983-cü ildə), Qızbəs Əsədova (2005-ci ildə), Dürrə Məmmədova (2005-ci ildə), Firuzə Əliyeva (2005-ci ildə), Zəhra Məmmədova (2007-ci ildə), Səadət Məmmədova (2007-ci ildə),Lamara Axundova (2007-ci ildə), Gültəkin Qafarova-Əsgərzadə (2009-cu ildə), Umleyla Aslanova (2009-cu ildə) , Vəfa Əmirova (2011-ci ildə) və Nurəddin Qaraşov (2013-cü ildə).

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı şəhərində yerləşən Baş Qərargahdan, Gənclər komitəsindən, 8 Regional Mərkəzdən (Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Sabirabad, Lənkəran, İsmayıllı, Qarabağ), Naxçıvan Muxtar Respublikası Komitəsindən, 93 şəhər, rayon bölməsi və iri dövlət müəssisələrində və təhsil ocaqlarında fəaliyyət göstərən sahə bölmələrindən ibarətdir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvlərinin sayı 350 min, könüllülərinin sayı 25 minədəkdir (son məlumata əsasən).

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Hallara Hazırlıq və Cavabvermə, Sağlamlıq və Qayğı, Axtarış Xidməti, Gənclər və Könüllülər, Humanitar Yardım, Miqrasiya, İnformasiya və Beynəlxalq Əlaqələr, Gəlirgətirmə şöbələri, İlk Yardım, Beynəlxalq Humanitar Hüququn yayımı, İcmaların İnkişafı, Silahlara Qarşı Mübarizə sektorları fəaliyyət göstərir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəsmi internet səhifəsinin www.redcrescent.org.az digər bölmələrində Milli Cəmiyyətə aid olan dövlət qanunları, sərəncamlar, rəsmi anlaşma memorandumları və s. ilə tanış ola bilərsiniz.

Tərəfdaşlar