HUMANİTAR YARDIM Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Humanitar
Yardım Şöbəsi, Milli Cəmiyyətin (Az.QAC) Katibliyinin struktur bölmələrindən
biri olmaqla, təşkilatın humanitar yardımlar sahəsindəki əsas fəaliyyətlərini
həyata keçirir. Şöbə, Az.QAC Nizamnaməsinin tələblərinə uyğun olaraq fəaliyyət
göstərir və fəaliyyətləri QAC Rəyasət Heyətinin təsdiq etdiyi Humanitar
Yardım Siyasəti çərçivəsində həyata keçirilir. Bu siyasət, humanitar
yardımların ədalətli, şəffaf və effektiv şəkildə çatdırılmasını təmin etməklə
yanaşı, yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsini,
humanitar ehtiyacların sürətlə qarşılanmasını və regionda davamlı inkişafın təşviqini
hədəfləyir. |
FÖVQƏLADƏ HALLARA HAZIRLIQ
VƏ CAVAB VERMƏ Fövqəladə Hallara Hazırlıq və Cavabvermə Şöbəsinin Fəaliyyət
İstiqamətləri: Fövqəladə Hallara Hazırlıq
və Cavabvermə Sahəsində Təlimlərin Təşkili:
Bu fəaliyyət, yerli və regional səviyyədə fövqəladə hallara hazır olmaq məqsədilə
müxtəlif təlimlərin təşkilini əhatə edir. Təlimlər, iştirakçılara fövqəladə vəziyyətlərdə
səmərəli reaksiya verilməsi üçün zəruri bilik və bacarıqların
qazandırılmasını təmin edir. AzQAC Yerli Bölmələri və
Regional Mərkəzlərində Yaradılmış Mobil Könüllü və İlk Yardım Dəstələrinin Fəaliyyətinin
Aktivləşdirilməsi: Bu fəaliyyət, fövqəladə
hallarda tez bir zamanda müdaxilə etmək üçün mobil könüllü qruplarının və
ilkin yardım dəstələrinin təlimatlandırılmasını və aktivləşdirilməsini məqsəd
qoyur. Bu qruplar, təbii və texnogen fəlakətlər zamanı insanların həyatını
qorumaq üçün kritik bir rol oynayır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti
və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Arasında Əməkdaşlığın
İnkişaf etdirilməsi: Fövqəladə hallara cavab
tədbirlərinin daha səmərəli olması üçün bu əməkdaşlıq çərçivəsində
resursların bölüşdürülməsi, təcrübə mübadiləsi və koordinasiya gücləndirilir.
Həmçinin, digər beynəlxalq və yerli tərəfdaşlarla əməkdaşlıq və
koordinasiyanın genişləndirilməsi, müvafiq sahələrdə fəaliyyətlərin daha da əlaqələndirilməsinə
və optimallaşdırılmasına imkan verir. |
SAĞLAMLIQ
VƏ QAYĞI Məqsəd: Səhiyyə
maarifi və səhiyyə xidmətləri vasitəsilə insanların sağlam həyat sürməsi
naminə biliklərini artırmaq Tibbi biliklərin yüksək səviyyəsi
sağlam cəmiyyətin yaradılması işində vacib amildir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti,
ölkəmizdə ictimai səhiyyə sahəsində dövlətə yardımçı rolunu oynayaraq, yerli
hökumət və QHT-lərlə əməkdaşlıq edərək, Regional Mərkəzlər və Yerli Bölmələrdə
fəaliyyət göstərən könüllü sağlamlıq işçiləri vasitəsilə əhalinin təhlükəsiz
həyat sürməsinə, sağlamlığın yaxşılaşdırılmasına və xəstəliklərin sayının
azaldılmasına dair İİV/QİÇS, vərəm, narkomaniya, süd vəzi xərçəngi, diabet,
qrip və s. kimi xəstəliklərə, eləcə də psixi sağlamlığın qorunması, ilk
yardım vərdişlərinin aşılanmasına dair geniş səhiyyə maarifi işini təşkil
edir. |
BEYNƏLXALQ
QIZIL XAÇ VƏ QIZIL AYPARA HƏRƏKATININ FUNDAMENTAL PRİNSİPLƏRİNİN
VƏ BEYNƏLXALQ HUMANİTAR HÜQUQUN ƏSASLARININ YAYIMI Məqsəd: Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının
(BQX/QAH) tarixi və onun tərkib hissələri, yəni Beynəlxalq Qızıl Xaç Komitəsi
(BQXK), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası
(Federasiya) və Milli Qızıl Xaç/Qızıl Aypara Cəmiyyətlərinin fəaliyyətləri, Hərəkatın
fundamental prinsipləri, Qızıl Xaç, Qızıl Aypara və Qızıl Kristal emblemlərindən
düzgün istifadə qaydaları və Beynəlxalq Humanitar Hüququn (BHH) əsasları
haqqında məlumatları ictimaiyyət arasında yaymaq. |
GƏNCLƏR
VƏ KÖNÜLLÜLƏR Məqsəd: Azərbaycan Qızıl Aypara Cəmiyyətində gənclər və
könüllülərin cəlb olunma idarəetmə sisteminin inkişaf etdirilməsi, təşkilatın
humanitar missiyasının daha da gücləndirilməsinə və könüllü fəaliyyətlərinin
daha səmərəli həyata keçirilməsinə yönəlmişdir. Bu məqsədlə, sosial cəhətdən
zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin
çatdırılması və bu xidmətin keyfiyyətinin artırılması prioritetdir. Gənclərin
və könüllülərin aktiv iştirakı, onların sosial məsuliyyətlər və liderlik bacarıqları
ilə inkişaf etmələrini təmin edərək, həm də yerli və beynəlxalq səviyyədə təşkilatın
effektivliyinin artırılmasına imkan yaradır. |
GƏNCLƏR
KOMİTƏSİ Məqsəd: Azərbaycan Qızıl Aypara Cəmiyyəti Gənclər
Komitəsinin (AzQAC Gənclər Komitəsi) əsas məqsədi Beynəlxalq Qızıl Xaç və
Qızıl Aypara Hərəkatını rəhbər tutaraq gənc (uşaqlar, yeniyetmələr, məktəblilər,
tələbələr, əlil uşaq və gənclər) insanlar arasında Könüllülük Hərəkatının
inkişafı, Beynəlxalq Humanitar dəyərlərin aşılanması, sülh, qarşılıqlı hörmət
və anlaşma ideyalarını geniş şəkildə yaymaq, gənclərin asudə vaxtlarının səmərəli
keçməsi məqsədilə maarifləndirmə, sağlam həyat tərzinin formalaşması və mənəvi
rifahlarının yüksəldilməsi sahəsində fəaliyyətlər həyata keçirməkdən ibarətdir. |
SİLAHLARA
QARŞI MÜBARİZƏ Məqsəd: Respublikada silahların (minalar, müharibənin partlayıcı
qalıqları – MPQ) mülki əhali üçün yaratdığı humanitar problemlərin həllində fəaliyyət
göstərən aparıcı təşkilatlardan biri kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti,
bu sahədə daha fəal, təkmilləşmiş və operativ bir qurum olaraq mina və
partlamamış hərbi sürsatlardan (PHS) zərər çəkmiş icmalarda "Mina Risklərinin
Azaldılması" (cəbhəyanı kəndlərdə uşaqlar üçün "Təhlükəsiz Oyun
Meydançalarını" (TOM) quraşdırmaq və s. müxtəlif layihələr), "Mina
Üzrə Maarifləndirmə" işlərində ANAMA ilə (Azərbaycan Respublikası Ərazilərinin
Minalardan Təmizlənməsi Üzrə Milli Agentlik) birgə və ya fərdi qaydada fəaliyyət
göstərmək, "Mina/MPQ Hadisələri və Qurbanları, eləcə də Minadan Zərərçəkənlərin
Ehtiyaclarına dair Məlumatların Toplanması" üzrə AzQAC və ANAMA arasında
imzalanmış rəsmi əməkdaşlıq memorandumuna əsasən fəaliyyəti uğurla davam
etdirmək, "Mina Qurbanlarına Yardım" strategiyası çərçivəsində mina
və MPQ partlayışı nəticəsində ailə başçısını itirmiş və ya əlil olmuş ailələrin
sosial vəziyyətinin qismən də olsa bərpa olunması istiqamətində layihələr
reallaşdırmaq, cəbhə bölgəsində yaşayan icmalarda müharibənin törətdiyi
iqtisadi problemlərin aradan qaldırılması işində iqtisadi təhlükəsizliyin təmin
olunması məqsədilə infrastruktur və digər humanitar yardım fəaliyyətlərinin təşkil
olunması işini həyata keçirmək, icmalar və ANAMA arasında vasitəçi rolunu
oynamaq, mina/MPQ-lərə qarşı fəaliyyət göstərən digər yerli və beynəlxalq,
hökumət və qeyri-hökumət humanitar təşkilatları ilə sıx əməkdaşlıq etmək. |
FANDREYZINQ
VƏ GƏLİR GƏTİRMƏ Məqsəd: Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
maliyyə bazasının gücləndirilməsi məqsədilə maliyyə mənbələrinin şaxələndirilməsini
təmin edərək, stabil maddi-texniki bazanın yaradılması. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
(bundan sonra – AzQAC və ya Cəmiyyət) Fondların Artırılması və Gəlir Gətirmə
(Fandreyzinq) şöbəsinin əsas məqsədi Cəmiyyətin maliyyə dayanıqlığını təmin
etmək və fəaliyyətlərini davamlı şəkildə dəstəkləməkdir. Fandreyzinq şöbəsi Cəmiyyətin
strateji planına uyğun olaraq müxtəlif istiqamətlərdə tədbirlər həyata
keçirir. Bu tədbirlər zamanı xarici milli cəmiyyətlərin təcrübəsindən istifadə
etməklə daha təkmil və effektiv fəaliyyətlər icra edilir. Fondların artırılması istiqamətində
görülən işlərdən biri də ictimai-iaşə obyektlərində AzQAC-a məxsus, üzərində
Qızıl Aypara loqosu olan şəffaf ianə qutularının yerləşdirilməsidir. Bu ianə
qutularının əsas məqsədi toplanan vəsaitlər hesabına təbii fəlakətlər və fövqəladə
hallar zamanı zərər çəkmiş insanlara, tənha qocalara, kimsəsizlərə və aztəminatlı
ailələrə yardım göstərməkdir. Əhalinin könüllü ianələri qutular vasitəsilə
toplanaraq Cəmiyyətin fonduna daxil edilir və daha sonra müvafiq şöbələr
vasitəsilə ehtiyacı olan şəxslərə yönəldilir. Bundan əlavə, Fandreyzinq şöbəsi
AzQAC-ın rəsmi internet səhifəsində – www.redcrescent.org.az – onlayn ianə platformasını təqdim edir. İstənilən şəxs
– istər Azərbaycanda, istərsə də xaricdə yaşayan donorlar – rahat şəkildə
onlayn ianə edə bilər. Ehtiyacı olan insanlara daimi yardım
göstərmək prinsipini əsas tutan Fandreyzinq şöbəsi yalnız ölkə daxilində
deyil, beynəlxalq səviyyədə də müxtəlif kampaniyalar həyata keçirir. Misal
olaraq, Somalidə daxili qarşıdurmalar nəticəsində aclıqdan əziyyət çəkənlərə,
Türkiyənin Van şəhərində və İranın Təbriz vilayətində baş vermiş təbii fəlakətlərdən
zərər çəkənlərə, eləcə də Suriyada davam edən müharibə nəticəsində zərər çəkmiş
insanlara yardım məqsədilə təşkil olunan onlayn dəstək kampaniyalarını göstərmək
olar. |
YERLİ BÖLMƏLƏRİN İNKİŞAFI Sosial və sağlamlıq sahəsində zəruri layihələrin həyata keçirilməsi, icmalarda müxtəlif mövzularda maarifləndirmə işlərinin aparılması məqsədilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yerli bölmələrinin struktur və imkanlarının gücləndirilməsi. |
AXTARIŞ
XİDMƏTİ Axtarış
Xidməti və İtirilmiş Ailə Əlaqələrinin Bərpası Münaqişələr, təbii fəlakətlər,
miqrasiya axınları və digər fövqəladə hallar zamanı yaxınlarını itirən şəxslərə
dəstək olmaq məqsədilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Axtarış Xidmətini
həyata keçirir. Bu xidmət Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə sıx əməkdaşlıq
çərçivəsində fəaliyyət göstərir və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının
fundamental prinsiplərinə əsaslanır. |