Ayrı-seçkilik etmədən döyüş meydanlarında yaralılara yardım göstərmək zərurətindən yaranmış Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, istər beynəlxalq, istərsə də milli səviyyədə, hər hansı bir şəraitdə insan iztirablarının qarşısını almağa və onları yüngülləşdirməyə çalışır.
Qərəzsizlik
Hərəkat heç kəsə dini, irqi, milli xüsusiyyətləri, sinfi mənsubiyyəti, siyasi əqidəsi və sosial mövqeyinə görə fərq qoymur. O, insanlara çəkdikləri əzab-əziyyətin dərəcəsinə görə yardım göstərir. İlk növbədə, ən ağır bəlalara düçar olanların köməyinə tələsir.
Neytrallıq
Hərəkat, hər kəsin ona olan inamını qoruyub saxlamaq məqsədilə, hərbi münaqişələrdə heç bir tərəfi müdafiə etmir, düşmənçiliyə qarışmır və siyasi, irqi, dini və ideoloji mübahisələrdə bitərəf mövqe nümayiş etdirir.
Müstəqillik
Hərəkat müstəqildir. Milli Cəmiyyətlər öz insansevərlik fəaliyyətlərini həyata keçirərkən mövcud hakimiyyətə yardımçı olur, ölkədə qüvvədə olan qanunlara tabe olmaqla yanaşı, öz muxtariyyətlərini qoruyub saxlayırlar. Bu da onlara Qızıl Xaç və Qızıl Aypara Hərəkatının prinsiplərinə uyğun şəkildə fəaliyyət göstərmək imkanı yaradır.
Könüllülük
Hərəkat heç bir şəxsi və ya siyasi maraq güdməyən, könüllü yardım prinsipi əsasında fəaliyyət göstərən bir qurumdur.
Vahidlik
Bir ölkədə yalnız bir Qızıl Xaç və ya Qızıl Aypara Cəmiyyəti mövcud ola bilər. Bu Cəmiyyətin qapıları hər kəsin üzünə açıqdır və o, insansevərlik fəaliyyətini ölkənin bütün ərazisində həyata keçirir.
Universallıq
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı ümumbəşəri və universal bir qurumdur. Bu Hərəkatda bütün Milli Cəmiyyətlər bərabər hüquqlara malikdir və onlar bir-birlərinə yardım göstərməyə borcludurlar.