Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) şəraitdən
asılı olmayaraq, hər bir şəxsin hərtərəfli və keyfiyyətli psixi sağlamlıq və
psixososial dəstəyə çıxışının olduğu bir cəmiyyət təsəvvür edir.
Bizim gələcəyə baxışımız fəlakətlər, münaqişələr,
fövqəladə hallar və digər həssas vəziyyətlər nəticəsində yaranan çətinliklərin
öhdəsindən gəlmək üçün dayanıqlığı artırmaq, rifahı yaxşılaşdırmaq və şəxslərin
və icmaların imkanlarını artırmaqdır. Bu baxımdan müxtəlif sahələr üzrə
icmaların bilik və bacarıqlarını
artırmaq gərəkdir.
“İRƏLİ”
İctimai Birliyinin Səhiyyə Mərkəzinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
dəstəyi ilə gənclərin ilk yardım bacarıqlarının artırılmasına yönələn “Qızıl Yardım” layihəsinin icrası belə tədbirlərdən biridir. Layihə çərçivəsində
2023-cü il iyul ayının 17dən -21dək
“İRƏLİ” İctimai Birliyinin ofisində AzQAC ilk Yardım üzrə təlimçi Şahin Biləndərli
tərəfindən ilk yardım təlimi keçirilmişdir. Təlim iştirakçılarına, hadisə
yerinin dəyərləndirilməsi, yaralanma, kəllə-beyin travmaları, zəhərlənmə,
qanaxma, şok, huşunu itirmə, günvurma, epileptik tutmalar və digər mövzulara
dair məlumatlar tapşırıqlar vasitəsilə, təqdim edib. Zərər çəkənə ürək canlandırılması, tənəffüsün
bərpası metodikalar isə xüsusi maniken
üzərində nümayiş edildi.
Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, Psixi
sağlamlıq : hər bir fərdin onun öz potensialını (qabiliyyətlərini) reallaşdıra
biləcəyi, adi həyat stresslərinin (gərginliyin) öhdəsindən gəldiyi, səmərəli və
məhsuldar çalışa biləcəyi salamatlıq və öz icmasının həyatına töhvə verə
biləcəyi, əmin-amanlıq bir vəziyyətdir.
AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində
fəlakətlərin, münaqişələrin, fövqəladə halların və həssas vəziyyətlərin şəxslərin
və icmaların psixi rifahına və psixososial fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir
göstərdiyini qəbul edərək əhali arasında İlk Yardım və psixi sağlamlığın
qorunmasına, İlk Psixoloji Yardıma dair maarifləndirici tədbirləri (təlim,
seminar, kompaniyalar və s.) həyata keçirir. Bu fəaliyyətlərə icma üzvlərilə
yanaşı müxtəlif təşkilatlar da cəlb
olunur.
31 İyul 2023-cü il tarixində isə AzQAC “İcmaya əsaslanan sağlamlıq”
proqramının təlimçisi Mətanət Qaraxanova tərəfindən “Psixi sağlamlığın qorunması, İlk
Psixoloji Yardımın əsasları” mövzusunda seminar keçirildi. Seminarda Psixi
sağlamlığın ÜST tərəfindən verdiyi tərifi, psixi sağlamlığa təsir edən amillər,
stress, depressiya kimi psixi pozuntuların göstəriciləri və psixi sağlamlığın
qorunmasına dair tövsiyələr təqdim edilmişdir. İlk Psixoloji Yardımın əsasları və elementləri təqdimatın ikinci hissəsində
yer almışdı. İnteraktiv şəkildə çatdırılan məlumatlar iştirakçılarda böyük
maraq yaratdı. Onlar bu kimi seminarların davamlı olmasını qeyd etdilər.