Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasi bəyanat qəbul etdi

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasi bəyanat qəbul etdi
 The Management Board of the Azerbaijan Red Crescent Society adopted a statement


            Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) 1920-ci ildən etibarən 100 ildən artıq bir müddətdə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq, Beynəlxalq Hərəkatın 7 fundamental prinsipini, xüsusilə “bitərəflik”, “qərəzsizlik”, “vahidlik” prinsiplərini rəhbər tutaraq, həm sülh dövründə, həm hərbi münaqişələr şəraitində, eyni zamanda fövqəladə hallar zamanı dini etiqadından, milli mənsubiyyətindən, irqindən, siyasi baxışlarından asılı olmayaraq, fərq qoymadan müharibə qurbanlarına, məcburi köçkün və qaçqınlara, minadan zərərçəkmişlərə və digər ehtiyaclı insanlara zəruri humanitar yardımlar göstərir.
            Birinci Qarabağ və Vətən müharibəsi zamanı, COVİD-19 pandemiyası dövründə AzQAC Beynəlxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə sıx əməkdaşlıq çərçivəsində zərərçəkmiş  şəxslərə müvafiq humanitar yardımlar göstərmişdir. 30 illik fəaliyyətləri dövründə hər iki beynəlxalq qurum respublikada humanitar sahədə kifayət qədər müxtəlif layihələr həyata keçirmişlər.
            Son zamanlar Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin humanitar ehtiyacları mövzusu ətrafında bir kampaniyanın şahidi oluruq.
 
Bunu nəzərə alaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bəyan edir:
 
1.    Azərbaycan Respublikasının Konstitusiyasına;
2.    “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3.0.1; 3.0.8; 3.0.9 maddələrinə;
3.    “Qızıl Xaç və Qızıl Aypara Emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6; 9; 15 maddələrinə;
4.    Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizamnaməsinə;
5.    Beynəlxalq Hərəkatın “vahidlik” prinsipinə;
6.    Beynəlxalq Federasiyanın Konstitusiyasına uyğun olaraq
 
Cəmiyyət mandatına uyğun olaraq, əməkdaşlarının və könüllülərinin köməyi ilə Ağdam-Xankəndi yolu ilə zəruri ərzaq, tibbi ləvazimat, dərman preparatları, geyim və s. ilə təchiz olunmuş istənilən humanitar yükün erməni sakinlərə çatdırmasına dəstək verməyə hazırdır. Belə ki, bu humanitar missiyanı həyata keçirmək həm milli qanunvericiliyin, həm də Cenevrə konvensiyaları və ona edilmış əlavələrin, həmçinin, 1997-ci ildə qəbul edilmiş Seviliya Razılaşmasına 2022-ci ildə edilmiş müvafiq dəyişikliyin tələblərinə tam uyğundur. Həmin dəyişikliyə əsasən, humanitar yardımların həyata keçirilməsində aparıcı rol milli cəmiyyətlərə verilir.


Bu humanitar missiyanın həyata keçirilməsi üçün, milli cəmiyyət olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün potensialı səfərbər olunmuşdur. 


Bu Bəyanat Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının 21 avqust 2023-cü il tarixli geniş iclasında qəbul olunmuşdur.