Ermənistan
Qızıl Xaç Cəmiyyətinin (Ermənistan QXC) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
(Azərbaycan QAC) bəyanatına qərəzli cavabı bizdə böyük təəssüf hissi doğurdu.
Çünki, qayəsi humanizm prinsipinə söykənən Azərbaycan
QAC-ın bəyanatı Azərbaycanın Qarabağ bölgəsində erməni sakinlərə humanitar
yardımların çatdırılmasını ehtiva etdiyi halda, Ermənistan QXC-nin qeyri-adekvat
reaksiyası anlaşılan deyil. Onların söylədiklərinin əksinə olaraq, Azərbaycan
QAC Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının əsas prinsiplərini,
xüsusilə neytrallıq, qərəzsizlik və vahidlik prinsipinə tam riayət edərək heç
bir siyasi niyyət güdmədən Azərbaycan QAC-ın nizamnaməsinə, “Azərbaycan Qızıl
Aypara Cəmiyyəti haqqında” Azərbaycan
Respublikası Qanununa, Cenevrə Konvensiyalarına və Sevilya razılaşmasına uyğun
olaraq ehtiyacı olan insanlara yardım niyyətini ortaya qoymuşdur. Bu
kateqoriyadan olan şəxslərə humanitar yardımın göstərilməsi haqqında bəyanatla
çıxış etmək və mövqe bildirmək bizim mandatımıza tam uyğundur və Hərəkatın
prinsiplərinə zidd deyildir. Bu hərəkət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının
prinsip və dəyərlərinin pozulması demək deyildir, əksinə, insanlığa xidmət
edir. Biz bu bəyanatımızla Sevilya razılaşmasına uyğun olaraq, Ağdam-Xankəndi
yolu ilə ehtiyacı olan insanlara yardım göstərməyə hazır olduğumuzu bildirmişik.
Maraqlıdır, görəsən burada hansı qanun pozuntusu vardır?! Digər tərəfdən, Azərbaycan
QAC respublikanın bütün ərazisində, o
cümlədən, Qarabağ iqtisadi rayonunda istənilən humanitar missiyanı həyata
keçirməyə tam səlahiyyətlidir, bunun üçün heç kimdən icazə almağa lüzum yoxdur.
Ermənistan
QXC-nın Vaqif Xaçaturyanla bağlı mövqeyinə gəlincə, onu qeyd etməyi özümüzə
borc bilirik ki, V.Xaçaturyan 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində
günahsız mülki insanları – uşaq, qadın, qocaları qətlə yetirmiş, hərbi cinayətlərdə
birbaşa iştirak etmişdir. V.Xaçaturyan insanlığa zidd olan cinayətlərinə görə
cavab verməlidir. Belə bir terrorçunun, qatilin Ermənistan QXC tərəfindən dəstəklənməsi
təəssüf doğurur. Bu, tamamilə Cenevrə Konvensiyalarına ziddir.
Ermənistan
QXC tərəfindən Laçın yolu ilə bağlı söylənilən fikirlər reallığı əks etdirmir.
Müşahidələrimiz onu deməyə əsas verir ki, bölgədə heç bir “humanitar böhran”
yoxdur. Əgər belə bir hal olsaydı, Ermənistan QXC bizim bu xoş niyyətimizi
alqışlayar, Beynəlxalq Qızıl Xaç Komitəsi yardımların Ağdam-Xankəndi yolu ilə
çatdırılmasını təmin edə bilərdi. Əsassız fikirlərin səsləndirilməsi sadəcə
çaşqınlıq salmağa xidmət edir.
Ermənistan
QXC-nin bəyanatında Beynəlxalq Ədalət Məhkəməsinin qərarına istinad edilməsinə
gəldikdə isə, Azərbaycan Respublikası tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsinin
qurulması onun öz sərhədləri daxilində suveren hüquqlarının qorunmasına xidmət
edir. Hal-hazırda erməni sakinlər Xankəndidən Ermənistana və geriyə maneəsiz hərəkət
edirlər. Erməni sakinlər üçün heç bir məhdudiyyət yoxdur. Müsahibələri zamanı
onlar öz məmnunluqlarını dəfələrlə bildirmişlər.
Ermənistan
QXC-nin cavab məktubu bizdə belə bir şübhə yaradır ki, o, Beynəlxalq Qızıl Xaç
və Qızıl Aypara Hərəkatının humanitar prinsiplərinə zidd olaraq siyasətə
qarışır və Ermənistan hökumətinin əlində bir alətə çevrilmək təhlükəsi ilə üzləşib.
30 ilə yaxın bir müddətdə Azərbaycanın 20% torpaqlarının Ermənistan silahlı
qüvvələri tərəfindən işğal olunması, həm Ermənistandan, həm də Azərbaycanın
Qarabağ bölgəsindən bir milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrilməsi,
minlərlə insanın qətlə yetirilməsi, tarixi, mədəni və dini abidlərin məhv edilməsi,
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 nömrəli
qətnamələrinin Ermənistan tərəfindən qeyd-şərtsiz yerinə yetirilməməsi və s.
barədə indiyədək heç bir bəyanat verməyən, mövqe bildirməyən Ermənistan QXC-nin
bu bəyanatı bizdə haqlı olaraq təəssüf və təəccüb hissi doğurur.
Ermənistan
Qızıl Xaç Cəmiyyətinə məsləhət görürük ki, yazdıqları bəyanat, səsləndirdikləri
ifadə və fikirlərdə dəqiq, məsuliyyətli olsunlar, tərəfsizlik, qərəzsizlik
nümayiş etdirsinlər. Siyasi proseslərin, siyasi avantüranın alətinə çevrilməsinlər.
Bu bəyanatı qəbul edərkən, yaxşı olardı ki, Ermənistan QXC Azərbaycan QAC-ın məlum
bəyanatını diqqətlə nəzərdən keçirərdi. O halda qəbul etdikləri bəyanatda
yoxlanılmamış, dəqiq olmayan qərəzli fikirlərə yol verməz, qarşı tərəfi haqsız
günahlandırmazdılar. Bir daha təkrar edirik, Azərbaycan QAC-ın bu bəyanatı verməkdə
məqsədi həqiqi yardıma ehtiyacı olan insanlara təcili, təxirə salmadan
humanitar yardım göstərməyə hazır olduğumuzu bildirmək olmuşdur. Bu, birbaşa
missiyamızdır.
Ermənistan
QXC-nin başqa bir dövlətin ərazisində olan məsələlərlə əlaqəli fikir bildirməsi
sual doğurur. Bu məsələlər onların mandatına və missiyasına aid deyil. Həm də
başqa bir Milli cəmiyyətin işinə kobud müdaxilədir. Yaxşı olar ki, Ermənistan
QXC öz ərazisində olan humanitar məsələrin həllinə zaman ayırsın.
Sevilya
razılaşmasının 5.1; 5.3; 5.4 maddələrinə uyğun olaraq bir daha bəyan edirik ki,
Hərəkatın əməliyyat planlarına və imkanlarına uyğun olaraq, Hərəkatın kollektiv
reaksiyasının birgə yaradılması və həyata keçirilməsində mərkəzi rolu Azərbaycan
Qızıl Aypara Cəmiyyəti oynayır. Həmin razılaşmaya görə, humanitar əməliyyatlar Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə korordinasiya şəklində həyata keçirilir.
Humanitar
missiyamızda addımlarımızı öz tərəfdaşlarımızla -Beynalxalq Qızıl Xaç Komitəsi
və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara
Federasiyasının Regional və yerli nümayəndəlikləri ilə mütəmadi olaraq müzakirələr
aparırıq.
Azərbaycan
QAC bir daha bəyan edir ki, Ermənistan QXC-dən fərqli olaraq, siyasətə, siyasi
proseslərə qoşulmur, öz nizamnaməsindən irəli gələn prinsiplərə, beynəlxalq humanitar
dəyərlərə sadiqliyini saxlayır. Biz Azərbaycan qanunvericiliyinə, Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Hərəkatının prinsiplərinə, eləcə də Sevilya
razılaşmasına uyğun olaraq, Ağdam-Xankəndi yolu ilə tez bir zamanda istənilən
humanitar yükün erməni sakinlərə çatdırılmasına hazır olduğumuzu bir daha bildiririk.
Azərbaycan QAC Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fundamental
prinsiplərinə, humanitar dəyərlərə həmişə sadiq qalacağını bir daha vurğulayır.