Azərbaycan Qızıl Aypara
Cəmiyyəti (AzQAC), “PAŞA Bank”ın maliyyə dəstəyi ilə yeni tədris
ilinin başlaması ərəfəsinə təsadüf edən “Məktəbə qayıdış” (Back to School) adlı
xeyriyyə aksiyası keçirib.
Xeyriyyə
aksiyası çərçivəsində İsmayıllı rayonunun ucqar dağ kəndlərində yaşayan
məktəblilər çanta və digər məktəb ləvazimatları ilə təmin edilib. Beləliklə də
xeyriyyə aksiyasında 1-6-cı sinif şagirdləri olan 105 uşağa hədiyyələr
çatdırılıb. Məktəblilər ümumi çəkisi 2 tondan artıq çanta, penal, qələm, dəftər
və şagirdlərin sinfinə uyğun olaraq digər zəruri məktəb ləvazimatları kimi 1
illik tədarük ilə təmin olunub.
100
ildən artıq şanlı tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada
dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. AzQAC milliyyətinə,
cinsiyyətinə, irqinə, dini inanclarına, sinfinə və ya siyasi düşüncələrinə görə
heç bir ayrı-seçkilik qoymadan 1920-ci ildən bəri insanlara humanitar yardım
göstərir.
2007-ci
ildə yaradılmış “PAŞA Bank” ASC Azərbaycanın aparıcı korporativ maliyyə
institutlarından biridir. “PAŞA Bank” sosial məsuliyyət strategiyası
çərçivəsində Azərbaycanın dayanıqlı inkişafına və cəmiyyətin rifahının
yüksəldilməsinə töhfə vermək üçün çalışır.
Qeyd edək ki, AzQAC tərəfindən
göstərilən humanitar xidmətlər və hüquqi hərəkətlərin rəqəmsallaşdırılması məqsədi
ilə yaradılmış “YARDIM.ET”
adlı İanə İdarəetmə Sistemi fəaliyyət göstərir. Bu sistem çərçivəsində “HÖP”,
“SMS”, “MilliÖn”, “eManat”, “hesab.az”, “PAŞA Bank”, “Bank of Baku”, “ABB”,
“UniBank” mobil əlavələr üzərindən və istənilən bank kartı və s. kimi vasitələrlə
ianələrin toplanması və idarəolunması həyata keçirilir. Toplanmış ianələr
ehtiyacı olan insanlara müvafiq humanitar yardımların edilməsinə yönləndirilir
və heç bir kommersiya və gəlir məqsədi daşımır.
Korporativ sosial məsuliyyəti həyata keçirən bütün şirkətlər və təşkilatlar,
o cümlədən fərdi sahibkarlar və xeyriyyəçilər Azərbaycan Qızıl Aypara Cəmiyyəti
ilə əməkdaşlıq etmək üçün bu ünvana müraciət edə bilərlər: corporate@redcrescent.org.az.