Kimə:
- İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyinə
- Milli Qızıl Aypara və Qızıl Xaç Cəmiyyətlərinə
- İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərə.
Tarix: 18.09.2023
Beynəlxalq Aypara İslam Komitəsi (ICIC) sizə ən xoş
arzularını bildirir və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin qırx tona yaxın un
həcmində ərzaq məhsulları da daxil olmaqla humanitar yardımı Azərbaycanın
Qarabağ iqtisadi regionunda yerləşən erməni əsilli sakinlərə Cəmiyyətin əməkdaşları
və ayrılmış könüllüləri vasitəsilə çatdırmaqla humanitar yardım göstərmək təşəbbüsü
ilə bağlı bəyanatını bu məktuba əlavə etməkdən şərəf duyur. Bu yardımın
çatdırılması Azərbaycan Respublikası ərazisində Ağdam-Xankəndi marşrutu ilə həyata
keçiriləcək.
Beynəlxalq Aypara İslam Komitəsi Azərbaycan Qızıl
Aypara Cəmiyyətinə dəstəyini və onun bu humanitar yardımı Azərbaycanın milli
qanunvericiliyi çərçivəsində və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının
prinsiplərinə, xüsusilə heç bir ayrı-seçkilik olmadan erməni əsilli sakinlərə
qarşı yönəlmiş neytrallıq, qərəzsizlik, birlik və humanizm prinsiplərinə uyğun
olaraq, habelə humanitar iş sahəsində İslam Əməkdaşlıq Təşkilatı üzvü ölkələrin
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri ilə əməkdaşlıq və
koordinasiya sahəsindəki beşinci məsləhət görüşünün nəticələrinə əsasən göstərdiyini
təsdiqləyir.
Komitə bu məsələdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinə
dəstəyini və bu istiqamətdə hər cür yardım göstərməyə hazır olduğunu bildirir.
Komitə ümid edir ki, bütün aidiyyəti tərəflər
yuxarıda qeyd olunanları nəzərə alacaq və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
həyata keçirdiyi humanitar işlərə dəstək ifadə edəcəklər.
Beynəlxalq Aypara İslam Komitəsi (ICIC) bu fürsətdən
istifadə edərək Sizə öz dərin minnətdarlığını və ehtiramını bildirir.
Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin Bəyanatı
Azərbaycan
Qızıl Aypara Cəmiyyəti (AzQAC) 1920-ci ildən etibarən 100 ildən artıq bir müddətdə,
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq, Beynəlxalq
Hərəkatın 7 fundamental prinsipini, xüsusilə “bitərəflik”, “qərəzsizlik”,
“vahidlik” prinsiplərini rəhbər tutaraq, həm sülh dövründə, həm hərbi münaqişələr
şəraitində, eyni zamanda fövqəladə hallar zamanı dini etiqadından, milli mənsubiyyətindən,
irqindən, siyasi baxışlarından asılı olmayaraq, fərq qoymadan müharibə
qurbanlarına, məcburi köçkün və qaçqınlara, minadan zərərçəkmişlərə və digər
ehtiyaclı insanlara zəruri humanitar yardımlar göstərir.
Birinci Qarabağ və Vətən müharibəsi zamanı,
COVİD-19 pandemiyası dövründə AzQAC Beynəlxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə sıx əməkdaşlıq çərçivəsində
zərərçəkmiş şəxslərə müvafiq humanitar
yardımlar göstərmişdir. 30 illik fəaliyyətləri dövründə hər iki beynəlxalq
qurum respublikada humanitar sahədə kifayət qədər müxtəlif layihələr həyata
keçirmişlər.Son zamanlar Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan
erməni sakinlərin humanitar ehtiyacları mövzusu ətrafında bir kampaniyanın
şahidi oluruq.
Bunu nəzərə alaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyəti
bəyan edir:
1. Azərbaycan
Respublikasının Konstitusiyasına;
2. “Azərbaycan
Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3.0.1;
3.0.8; 3.0.9 maddələrinə;
3. “Qızıl
Xaç və Qızıl Aypara Emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanununun 6; 9; 15 maddələrinə;
4. Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin Nizamnaməsinə;
5. Beynəlxalq
Hərəkatın “vahidlik” prinsipinə;
6. Beynəlxalq
Federasiyanın Konstitusiyasına uyğun olaraq
Cəmiyyət mandatına uyğun olaraq, əməkdaşlarının və
könüllülərinin köməyi ilə Ağdam-Xankəndi yolu ilə zəruri ərzaq, tibbi ləvazimat,
dərman preparatları, geyim və s. ilə təchiz olunmuş istənilən humanitar yükün
erməni sakinlərə çatdırmasına dəstək verməyə hazırdır. Belə ki, bu humanitar
missiyanı həyata keçirmək həm milli qanunvericiliyin, həm də Cenevrə
konvensiyaları və ona edilmış əlavələrin, həmçinin, 1997-ci ildə qəbul edilmiş
Seviliya Razılaşmasına 2022-ci ildə edilmiş müvafiq dəyişikliyin tələblərinə
tam uyğundur. Həmin dəyişikliyə əsasən, humanitar yardımların həyata keçirilməsində
aparıcı rol milli cəmiyyətlərə verilir.
Bu humanitar missiyanın həyata keçirilməsi üçün,
milli cəmiyyət olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün potensialı səfərbər
olunmuşdur.
Bu Bəyanat Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
İdarəetmə Şurasının 21 avqust 2023-cü il tarixli geniş iclasında qəbul
olunmuşdur.