Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) ölkədaxili
humanitar layihələrin həyata keçirilməsində, xüsusilə icma əsaslı layihələr çərçivəsində
ehtiyacların qarşılanması məqsədilə respublikanın müxtəlif bölgələrində həssas
qruplara fərq qoymadan zəruri humanitar yardımlar göstərir. Humanitar layihələr
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının (Beynəlxalq Hərəkat)
fundamental prinsiplərinə uyğun olaraq həyata keçirilir. Bu sahədə Beynəlxalq Hərəkatın
komponentləri- Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Qızıl Xaç və Qızıl
Aypara Cəmiyyətləri Federasiyası və milli cəmiyyətlər qarşılıqlı əməkdaşlıq şəraitində
koordinasiya edilmiş şəkildə birgə fəaliyyət göstərirlər.
Bu gün AzQAC
mövcud vəziyyətə və şəraitə uyğun olaraq, missiyası çərçivəsində yeni
çağırışlara münasibətində çevikliyin və dayanıqlığın təmin edilməsi, həmçinin zəruri
olan ehtiyacların qarşılanması üçün bütün potensialını səfərbər edib. Milli cəmiyyət
Qarabağ İqtisadi Rayonunda icma əsaslı layihələr çərçivəsində yerli sakinlərlə
ünsiyyətin qurulması, ehtiyaclarının qiymətləndirilməsi, humanitar yüklərin təşkili,
çatdırılması və paylanılması işində öz xoşməramlı niyyətini ortaya qoyub. Bu
xoşməramlı niyyətin həyata keçirilməsi üçün AzQAC öz mandatına uyğun olaraq
bütün lazımi dəstəyi verməyə tam hazırdır. Milli cəmiyyətin bu sahədə kifayət qədər
təcrübəyə malik əməkdaşları var, xüsusilə beynəlxalq standartlar səviyyəsində
hazırlanmış Fövqəladə Mobil Könüllü Dəstələr öz bilik və bacarıqları ilə ilk
yardım və digər zəruri humanitar əməliyyatları həyata keçirmək qabiliyyətinə
malikdirlər.
Eyni zamanda
müvafiq hökumət strukturları ilə qarşılıqlı işgüzar əməkdaşlıq barədə
memorandumlar mövcuddur və AzQAC fəaliyyəti zamanı əlaqədar qurumlar tərəfindən
dəstəklənir.
Bu fəaliyyət
istiqamətində ənənəvi tərəfdaşlarımızın da humanitar dəyərlər və prinsiplər çərçivəsində
xoş niyyətləri tərəfimizdən qiymətləndiriləcək. AzQAC bu sahədə əməkdaşlığa
açıqdır.
Beynəlxalq
Humanitar hüquqa əsaslanan fəaliyyətimiz, həmçinin milli qanunvericiliyə,
Cenevrə Konvensiyaları və ona əlavə edilmiş protokollara, Sevilya razılaşmasına
tam olaraq uyğundur.
Ümid edirik ki,
əlaqələndirilmiş şəkildə həyata keçirilən humanitar layihələr əhalinin sosial
müdafiəsinin gücləndirilməsi sahəsinə öz töhfəsini verəcəkdir.