15 dekabr 2023-cü ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
İdarəetmə Şurasının geniş tərkibdə iclası keçirilib. İclası giriş sözü ilə açan
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz
Aslanov iştirakçıları salamlayıb, iclasın gündəliyini təqdim edib. Sonra gündəlikdəki
məsələlərin müzakirəsinə başlanılıb. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
prezidenti Novruz Aslanov Azərbaycan QAC-ın 2023-cü il üzrə fəaliyyətinin
yekunu ilə bağlı məruzə ilə çıxış edib. Çıxışında xüsusilə, Cəmiyyətin fəaliyyət
istiqamətlərindən, Türkiyədə baş verən zəlzələlərdən zərərçəkmişlərə, Covid-19
pandemiyası zamanı ehtiyaclı vətəndaşlara, eləcə də fövqəladə hallar zamanı zərərçəkən
vətandaşlara göstərilən müxtəlif səpkili yardımlarla bağlı fikirlərini bildirib. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti Federasiyası, BQXK ilə Azərbaycan Qızıl
Aypara Cəmiyyəti arasında mövcud tərəfdaşlıq, əməkdaşlıq əlaqələrindən bəhs edib
və bu əməkdaşlığın son illərdə daha da genişləndiyini vurğulayıb. 11 dekabr
2023-cü il tarixdə İsveçrənin Cenevrə şəhərində BQXQACF-nin növbədənkənar
prezident seçkilərində Amerika Qızıl Xaçın nümayəndəsi Keyt Forbs yeni prezident
vəzifəsinə təyin olunması ilə bağlı təbrik edildiyini, həmçinin Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyətinin iştirakı haqqında məlumat verib. O,
öz çıxışında, həmçinin AzQAC-ın Qarabağ İqtisadi zonasında fəaliyyətlərinin
gücləndirilməsi haqqında, Böyük Qayıdış proqramı çərçivəsində həyata keçiriləcək
layihələrdə onun yüksək səviyyədə iştirak edəcəyini, işğaldan azad olunmuş ərazilərdə
Azərbaycan QAC-ın yerli bölmələrinin ofislərinin bərpa edilməsi və fəaliyyət
göstərməsi perspektivlərindən söz açıb. Həmçinin, AzQAC-ın Strateji Planın
icrası istiqamətində görülən işlər barədə, İdarəetmə Şurasının tərkibinin dəyiştirilməsi
və digər cari məsələlər ilə bağlı, eyni zamanda 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək
növbədənkənar Prezident seçkilərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri
üzvü cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsini nəzərə alaraq,
nizamnaməmizin 14-cü maddəsinə əsasən cənab İlham Əliyevin seçkilərdə dəstəklənməsi məqsədilə Cəmiyyətin
Baş Məclisinin növbədənkənar sessiyasının keçirilməsinin labüdlüyünü vurğulayıb.
İdarəetmə Şurasının üzvü İsa Qaraşov öz növbəsində
cənab İlham Əliyevin nailiyyətlərini dəyərləndirib, 7 fevral 2024-cü ildə baş
tutacaq seçkilərdə ayparaçıların fəallığının mühim olduğunu bildirib.
Daha sonra AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev
2024-cü il yanvar ayında nəzərdə tutulan ştat cədvəlinin təsdiqi barəsində,
növbəti ildə ştat cədvəli ilə bağlı Maliyyə Nazirliyinə məlumatların verilməsinin
zəruriliyini qeyd edib.
İclasda AzQAC-ın
Baş mühasibi Nailə Cəfərova çıxış edərək, maddi yardımların göstərilməsi məsələləri
barədə, Türkiyəyə olunan maddi yardımlar haqqında iştirakçıları məlumatlandırıb
və qeyd edib ki, ötən illərlə müqayisədə bu il maddi yardımların məbləği və
ünvanı çox olub.
AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə çıxışında
Ali Baş Komandan cənab İlham Əliyevin fəaliyyəti dövründə AzQAC-ın fəaliyyətinə
verdiyi töhfələri vurğulayıb. Azərbaycan QAC-a dair qanunvericilik aktlarının qəbul
olunmasının təşəbbüskarının məhz
Prezident İlham Əliyev olduğunu xüsusilə bildirib.
İclasın sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
prezidenti Novruz Aslanov AzQAC-ın bu ilki fəaliyyətinə müsbət qiymət verərək,
gələn ildə uğurlar qazanılacağına ümidvar olduğunu bildirib.