AzQAC-ın İdarəetmə Şurasının geniş tərkibdə iclası keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın İdarəetmə Şurasının geniş tərkibdə iclası keçirilib
A meeting of the Management Board of AzRCS was held in broad format

15 dekabr 2023-cü ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının geniş tərkibdə iclası keçirilib. İclası giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov iştirakçıları salamlayıb, iclasın gündəliyini təqdim edib. Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov Azərbaycan QAC-ın 2023-cü il üzrə fəaliyyətinin yekunu ilə bağlı məruzə ilə çıxış edib. Çıxışında xüsusilə, Cəmiyyətin fəaliyyət istiqamətlərindən, Türkiyədə baş verən zəlzələlərdən zərərçəkmişlərə, Covid-19 pandemiyası zamanı ehtiyaclı vətəndaşlara, eləcə də fövqəladə hallar zamanı zərərçəkən vətandaşlara göstərilən müxtəlif səpkili yardımlarla bağlı fikirlərini bildirib. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti Federasiyası, BQXK ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında mövcud tərəfdaşlıq, əməkdaşlıq əlaqələrindən bəhs edib və bu əməkdaşlığın son illərdə daha da genişləndiyini vurğulayıb. 11 dekabr 2023-cü il tarixdə İsveçrənin Cenevrə şəhərində BQXQACF-nin növbədənkənar prezident seçkilərində Amerika Qızıl Xaçın nümayəndəsi Keyt Forbs yeni prezident vəzifəsinə təyin olunması ilə bağlı təbrik edildiyini, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyətinin iştirakı haqqında məlumat verib.  O, öz çıxışında, həmçinin AzQAC-ın Qarabağ İqtisadi zonasında  fəaliyyətlərinin gücləndirilməsi haqqında, Böyük Qayıdış proqramı çərçivəsində həyata keçiriləcək layihələrdə onun yüksək səviyyədə iştirak edəcəyini, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan QAC-ın yerli bölmələrinin ofislərinin bərpa edilməsi və fəaliyyət göstərməsi perspektivlərindən söz açıb. Həmçinin, AzQAC-ın Strateji Planın icrası istiqamətində görülən işlər barədə, İdarəetmə Şurasının tərkibinin dəyiştirilməsi və digər cari məsələlər ilə bağlı, eyni zamanda  2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri üzvü cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsini nəzərə alaraq, nizamnaməmizin 14-cü maddəsinə əsasən cənab İlham  Əliyevin seçkilərdə dəstəklənməsi məqsədilə Cəmiyyətin Baş Məclisinin növbədənkənar sessiyasının keçirilməsinin labüdlüyünü vurğulayıb.
İdarəetmə Şurasının üzvü İsa Qaraşov öz növbəsində cənab İlham Əliyevin nailiyyətlərini dəyərləndirib, 7 fevral 2024-cü ildə baş tutacaq seçkilərdə ayparaçıların fəallığının mühim olduğunu bildirib.


Daha sonra AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev 2024-cü il yanvar ayında nəzərdə tutulan ştat cədvəlinin təsdiqi barəsində, növbəti ildə ştat cədvəli ilə bağlı Maliyyə Nazirliyinə məlumatların verilməsinin zəruriliyini qeyd edib.


İclasda  AzQAC-ın Baş mühasibi Nailə Cəfərova çıxış edərək, maddi yardımların göstərilməsi məsələləri barədə, Türkiyəyə olunan maddi yardımlar haqqında iştirakçıları məlumatlandırıb və qeyd edib ki, ötən illərlə müqayisədə bu il maddi yardımların məbləği və ünvanı çox olub.


AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin fəaliyyəti dövründə AzQAC-ın fəaliyyətinə verdiyi töhfələri vurğulayıb. Azərbaycan QAC-a dair qanunvericilik aktlarının qəbul olunmasının təşəbbüskarının məhz  Prezident İlham Əliyev olduğunu xüsusilə bildirib.


İclasın sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov AzQAC-ın bu ilki fəaliyyətinə müsbət qiymət verərək, gələn ildə uğurlar qazanılacağına ümidvar olduğunu bildirib.