1920-ci ildə mart ayının 10-da təsis olunmuş Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) bu il yaradılmasının 104-cü il dönümünü qeyd edir. 7 aprel 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti, AzQAC-ın Fəxri üzvü İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq, hər il mart ayının 10-u respublikada “Qızıl Aypara Günü” kimi qeyd edilir. Bu günün önəminə uyğun olaraq, hər il olduğu kimi, bu il də AzQAC bir sıra silsilə tədbirlər həyata keçirir.
11 mart 2024-cü il tarixində “Qızıl Aypara Günü” ilə əlaqədar Ümummilli Lider, AzQAC-ın tarixində silinməz iz buraxmış Ulu Öndər, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri Üzvü Heydər Əliyevin məzarı Fəxri Xiyabanda ziyarət edildi.
Sonra Azərbaycan Texniki Universitetində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 104-cü il dönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Beynəlxalq Qızıl Xaç Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz üzrə nümayəndəliyinin rəhbəri Davron Muxamadiyev və Türk Qızıl Ay Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi, Azərbaycan Texniki Universitetinin rəhbər şəxsləri və digər qonaqlar iştirak etdilər.
Universitetin Heydər Əliyev Mərkəzində professor-müəllim heyəti və tələbələrlə görüşdə tədbiri giriş sözü ilə açan Azərbaycan Texniki Universitetin rektoru, professor Vilayət Vəliyev tədbir iştirakçılarını salamladı. Uzun müddətli əməkdaşlıqdan, AzQAC-ın humanitar sahədə gördüyü işlərin önəmindən söz açdı.
Daha sonra AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov iştirakçıları bütün kollektivin, könüllülərin, çoxsaylı üzvləri adından salamlayaraq, AzQAC-ın tarixindən, fəaliyyət istiqamətlərindən, həyata keçirdiyi layihələrdən, Heydər Əliyev və onun Azərbaycan Qızıl Aypara Cəmiyyətindəki rolundan bəhs etdi. O, daha sonra AzQAC-ın humanitar fəaliyyətlərindən söz açaraq, xüsusilə sağlamlıq sahəsində Milli Cəmiyyətin həyata keçirilən tədbirlərdən və bunların önəmindən söz açdı.
Daha sonra akt zalında İlk Yardım vərdişlərinin aşılanması üzrə təlim keçirildi. Tələbələrin sualları cavablandırıldı. Gələcəkdə belə tədbirlərə qoşulmaqda ehtiyaclı insanlara köməklik göstərməyi onlara tövsiyə edildi.
Rəsmi hissədən sonra tədbir incəsənət xadimlərinin ifaları ilə başa çatdı.