5-6 Mart 2024-cü ildə Avropa İttifaqı (Aİ) tərəfindən
maliyyələşdirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş
cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan
qaldırılması” layihəsi çərçivəsində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyası (IFRC) “Psixi Sağlamlıq və Psixososial dəstək (PSPSD)” mövzusunda
təlim təşkil edib. Təlimdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) 11 bölməsindən
12 PSPSD üzrə əlaqələndirici şəxsi iştirak edib.
Təlimin əsas məqsədi humanitar böhranlara
PSPSD üzrə cavabvermə tədbirləri barədə bilikləri yeniləmək və AzQAC bölmələrinin
PSPSD potensialını gücləndirmək olub. Təlimin ilk günündə PSPSD üzrə əlaqələndirici
şəxslər, PSPSD haqqında fundamental bilikləri və AzQAC-ın PSPSD siyasətini nəzərdən
keçirdikdən sonra icma əsaslı müdaxilələr, xüsusən də maarifləndirmə
sessiyaları haqqında ətraflı məlumat əldə ediblər. Onlar maarifləndirmə
sessiyalarının keçirilməsi, həmçinin planlanması, strukturu və məzmunu haqqında
təlimatlar alıblar. Daha sonra, əldə edilən məlumatları yadda saxlamaq və
praktikada tətbiq etmək üçün, əlaqələndirici şəxslər müxtəlif qruplara bölünərək
özünə qayğının önəmi, stresin idarə edilməsi və böhranla mübarizə haqqında
maarifləndirmə sessiyalarının keçirilməsinə dair rol oyunu nümayiş etdiriblər.
Əlaqələndirici şəxslər müxtəlif bölgələrdə
mövcud PSPSD xidmətləri haqqında məlumat toplamaq tapşırığı aldıqları üçün, təlimin
növbəti hissəsində onlara xidmətlərin xəritələşdiriməsi haqqında məlumatlar təqdim
edilib. Xidmət xəritələşdirilməsinin əsas məqsədi boşluqları müəyyən etmək və
AzQAC daxilində gələcəkdə tərəfdaşlıq və yönləndirmə sisteminin qurulmasına əsas
yaratmaq üçün bölgələrdə PSPSD xidmətlərinin vəziyyətinə dair daha aydın təsəvvür
yaratmaqdır.
Təlimin ikinci günü planlaşdırma və hesabata həsr olunub. AzQAC-ın PSPSD üzrə əlaqələndirici şəxsləri PSPSD mütəxəssisi ilə birlikdə ilkin planlaşdırmanı həyata keçiriblər. Hər bir fəaliyyətdən sonra hazırlamalı olduqları bir hesabat şablonu da əlaqələndirici şəxslərə təqdim edilib.
Təlim sual-cavab sessiyası ilə yekunlaşıb.