Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq, FMKD-nın üzvləri Mobil İlk Yardım Postlarının təşkilini davam edib. İlk Yardım Postları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) rayon bölmələri tərəfindən ən azı ayda bir dəfə ictimaiyyətin toplaşdığı yerlərdə təşkil edilib.
Bu tədbirinin əsas
məqsədi AzQAC-ın rayon bölməsi tərəfindən təqdim olunan İlk Yardım xidmətlərini
ictimaiyyətə nümayiş etdirməkdən ibarət olub. Belə müntəzəm tədbirlərin təşkili
həm də FMKD-nın könüllülərinə İlk Yardım texnikalarını tez-tez tətbiq etmək və
biliklərini möhkəmləndirmək imkanı verib.
Tədbir zamanı könüllülər iştirakçılara ilk yardımın əsasları, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmələr, yanıqlar kimi əhəmiyyətli mövzular haqqında geniş məlumat verib və praktiki məşğələlər nümayiş ediblər. Tədbirdə ilk yardım bilikləri ilə yanaşı, Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, o cümlədən AzQAC-ın müvafiq rayon bölməsinin fəaliyyətləri haqqında qısa məlumat verilib.
Belə ki, 2024-cü ilin aprel ayında AzQAC-ın Tərtər, Ağdam, Füzuli, Bərdə, Cəbrayıl, Qazax və Tovuz bölmələrinin Fövqəladə Mobil Könüllü Dəstələrinin üzvləri tərəfindən ümumilikdə 9 Mobil İlk Yardım Postu tədbiri təşkil edilib.