2024-cü ilin aprel ayından başlayaraq Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə birgə əməkdaşlıq çərçivəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda silsilə maarifləndirmə sessiyalarına start vermişdir. Maarifləndirici sessiyalarının keçirilməsində əsas məqsəd “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair” I Dövlət Proqramının icrası çərçivəsində mərhələli şəkildə köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı məlumatlılığının artırılması, mümkün risk faktorunun minimuma endirilməsidir.
İlk mərhələdə sessiyalar Bakı şəhərində keçmiş məcburi köçkünlərin müvəqqəti
məskunlaşdıqları Qaradağ rayondakı “Qobu Park” yaşayış kompleksində
ayrı-ayrılıqda vətəndaşlar və məktəblilər üçün təşkil olunub. "Qapı-qapı" və "Məktəb" formatında keçirilən maarifləndirici
sessiyaları AzQAC-ın 3 mütəxəssis və 10
könüllüdən ibarət heyəti tərəfindən gerçəkləşdirilib. “Qapı-qapı” sessiyasında təlimçilər mənzillərə
gedərək ailə üzvlərinə zəruri məlumatlar verib, onların suallarını
cavablandırıblar. “Məktəb” sessiyasında isə sessiyalar sinif otaqlarında şagird
qrupları üçün interaktiv formada keçirilib.
Maarifləndirmə sessiyalarının hər iki formasında xəbərdaredici və məlumatlandırıcı nişanlar, mina təhlükələrindən qorunmaq barədə məlumatlar verilib, Daha sonra maarifləndirici broşürlər paylanılıb, aidiyyatlı əyani vəsaitlərdən istifadə edilib, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri xatırladılıb.
Mina və PHS təhlükəsi ilə bağlı maarifləndirici sessiyalalara bu vaxta qədər ümumilikdə 3000 nəfərdən çox əhali qrupu cəlb edilib. Sessiyaların keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə də silsilə şəklində davam etdirilməsi nəzərdə tutulub.
Bu fəaliyyətlərin həyata keçrilməsində səmərəli əməkdaşlığa, eyni zamanda göstərdikləri hərtərəfli dəstəyə görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, BQX və QAC Federasiyasına təşəkkürümüzü bildiririk.