Könüllülər üçün Mina və partlamamış hərbi sursatların təhlükəsinə dair təlim

Əsas səhifə / XƏBƏRLƏR / Könüllülər üçün Mina və partlamamış hərbi sursatların təhlükəsinə dair təlim

20-24 may 2024-cü il tarixlərində  Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə əməkdaşlıq sayəsində Şəmkir şəhərində AzQAC-ın Qazax, Gədəbəy, Tovuz, Goranboy, Tərtər, Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Bərdə, Sumqayıt şəhər və rayon bölmələrinin könüllülərinə  Beynəlxalq Qızıl Xaç komitəsinin və AzQAC-ın ekspertləri tərəfindən 5 günlük “Mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr” mövzusunda təlim təşkil edilib.


Tədbirin  məqsədi könüllülərin bilik və bacarığının artırılması, gələcək fəaliyyətlərdə əhali arasında peşəkarcasına maarifləndirmə işlərinin həyata keçirilməsinə dəstək olmaqdan ibarət idi.  Eyni zamanda yeni könüllülərin növbəti təlimlərə cəlb olunması məqsədilə hazırlıq işlərinin davamlı aparılması üçün tövsiyə xarakterli müzakirələrin aparılması nəzərdə tutulub. Növbəti mərhələdə hazırlıq keçmiş könüllülərin sayının 300 nəfərə çatdırılması hədəf olaraq qarşıya qoyulub. Onu da qeyd etmək lazımdır ki, artıq 180 nəfər mina təhlükəsizliyi üzrə təlim keçmiş gənc könüllü bu yönümlü fəaliyyətlərdə iştirak edəcəklər. Qeyd edilən fəaliyyətlərin həyata keçirilməsində AzQAC-ın prezidenti,  Milli Məclisin deputatı Novruz Aslanov lazımi dəstək göstərərək müvafiq tapşırıq verib, bu tapşırığa uyğun olaraq Cəmiyyətin İcraçı Katibi Ceyhun Mirzəyevin iştirakı ilə birgə müzakirələr aparılıb, məsələnin aktuallığının daim diqqətdə saxlanılması qeyd edilib və iş planına uyğun olaraq  növbəti fəaliyyət istiqamətləri müəyyən edilib.


AzQAC rəhbərliyinin BQXK ilə birgə apardığı müzakirələr nəticəsində müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətlər hal-hazırda aidiyyatlı bölgələr üzrə icra edilməkdədir.


Tədbirdə Cəmiyyətin Silahlara Qarşı Mübarizə proqramının koordinatoru Məmməd Kətanov, layihə koordinatorunun müavini Renat Vəliyev, BQXK-nın Bərdə ofisinin rəhbəri xanım Xiangqun Hu, Bərdə ofisinin rəhbərinin müavini Xudaverdi Rzayev, BQXK-nın  Silahların Yaratdığı Təhlükələrlə Mübarizə şöbəsinin koordinatoru Bishnu Mahat, BQXK-nın  Bərdə nümayəndəliyinin layihə koordinatoru Fidel Etsora, Silahların Yaratdığı Təhlükələr şöbəsinin  əməkdaşları Rövşən Hümbətov, Çingiz Rəhmanov, Nicat Məmmədov və Seymur Yusifli iştirak ediblər.


Tədbirin sonunda iştirakçılara Beynəlxalq Qızıl Xaç komitəsi tərəfindən Şəhadətnamələr təqdim olunub. Sonda iştirakçılarla birlikdə xatirə şəkli çəkilib.


Bu fəaliyyətlərin həyata keçirilməsində səmərəli əməkdaşlığa, eyni zamanda göstərdikləri dəstəyə görə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.