11 iyun 2024-cü
il tarixində “Sağlamlığa xidmət” İctimai
Birliyinin təşkilatçılığı ilə həkimlər
və vətəndaş cəmiyyətinin nümayəndələri üçün Vərəm Stiqmasının
Qiymətləndirilməsi üzrə Tədqiqat layihəsi çərçivəsində “Azərbaycanda Vərəmlə
bağlı stiqmanın səviyyəsini necə azaldaq?” mövzusunda konfrans keçirilib.
Layihə koordinatoru Elçin Muxtarlı iştirakçıları salamlayaraq layihənin uğurlu
nəticələrindən söz açıb.
Tədqiqatçı Pərvanə Vəliyeva “Stiqma və stiqmanın yaranmasına təsir edən
amillər” mövzusunda ətraflı təqdimatla çıxış edib. Təqdimat ətrafında və stiqma
ilə bağlı həkim Samirə Muxtarova və Elçin Muxtarlının tərtib etdikləri vərəmli xəstələrin
real həyat hekayələrinin müzakirəsi qrup
işi formatında çox interaktiv şəkildə təqdim olunub. Müzakirələrdə Azərbaycan
Qızıl Aypara Cəmiyyəti Miqrasiya şöbəsinin təhsil üzrə mütəxəssisi Sona
Hacıyeva və miqrant nümayəndələr də fəal iştirak ediblər. Cəmiyyətdə vərəmli,
eləcə də İİV-lə yaşayan insanlara qarşı güclü damğalanmanı nəzərə alaraq,
vətəndaş cəmiyyəti nümayəndələrinin bilik və bacarıqlarının artırılmasının
stiqmanın qarşısının alınmasında vacib rol oynayacağı baxımından bu konfrans
çox aktual və faydalı olub.
Konfransa dəvət edildikləri üçün miqrant nümayəndələr xeyli maraqlı
məlumatlarla tanış olduqlarını söyləyərək, müəllimə Sona Hacıyevaya və
təşkilatçılara səmimi minnətdarlıqlarını bildiriblər. Çox maraqlı keçən konfransın
sonunda iştirakçılara sertifikatlar təqdim edilib.