Biləsuvar
rayonu ərazisində Cəbrayıl rayonundan olan keçmiş məcburi köçkünlərin müvəqqəti
məskunlaşdığı 6, 7, 8, 9, 10 saylı qəsəbələrdə və Bərdə rayonunda 588 və
866 saylı keçmiş məcburi köçkün ailəsi üçün salınmış qəsəbədə "Risklər
barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina təhlükəsinə
dair təlim keçirilib. Təlim Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Azərbaycan
Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və
ANAMA Agentliyi ilə birgə əməkdaşlıq
çərçivəsində təşkil edilib.
AzQAC-ın
mütəxəssis və könüllülərindən ibarət heyət tərəfindən adı çəkilən qəsəbələrdə “Qapı-qapı”
formatında keçirilən təlimlərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərə
Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində geri qayıdacaq
sakinlər arasında mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı
məlumatlılığı artırmaq, mümkün risk faktorunu minimuma endirməkdir. Təlimçilər
hər bir evə və mənzilə gedərək sakinlərə zəruri məlumatlar verib, onların
suallarını cavablandırıblar.Təlimlər zamanı qadağanedici, xəbərdaredici və
məlumatlandırıcı nişanlar, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları
və əlaqə vasitələri barədə ətraflı məlumatlar verilib, maarifləndirici
broşürlər paylanılıb. Ümumilikdə, fəaliyyətlər ərzində Bərdə və Biləsuvar
rayonlarında 3500-dən çox məcburi köçkün maarifləndirilib.
Xatırladaq ki, buna qədər təlimlər mərhələli şəkildə
Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində, Mehtiabad
qəsəbəsində həmçinin yataqxanalarda, inzibati binalarda və yarımtikililərdə
müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər, eyni zamanda Füzuli şəhərinə
yeni köçürülmüş sakinlər üçün təlimlər təşkil edilmişdir.
Mina və
PHS təhlükəsi ilə bağlı bu ilin avqust ayınadək keçirilən maarifləndirici
təlimlərə 23.000 çox məcburi köçkün cəlb olunub. Təlimlərin keçmiş məcburi
köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə silsilə şəklində davam
etdirilməsi nəzərdə tutulur.
Bu
fəaliyyətlərin həyata keçrilməsində göstərdikləri hərtərəfli dəstəyə görə
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsi və ANAMA Agentliyinin rəhbərliyinə Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin rəhbərliyi, üzvləri və könüllüləri adından dərin təşəkkürümüzü
bildiririk. Ümid edirik ki, bundan sonrakı fəaliyyətlərdə də həmişə olduğu kimi
mövcut səmərəli əməkdaşlığımız uğurla davam etdiriləcəkdir.