Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
(AzQAC-nin) əsas missiyası bütün milli cəmiyyətlərdə
olduğu kimi humanitar sahədə dövlətə köməkçi və yardımçı rolunu oynamaqdır. Azərbaycan
Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyasının bərabərhüquqlu üzvü kimi özünün humanitar fəaliyyətini “Azərbaycan
Qızıl Aypara Cəmiyyəti haqqında” 2007-ci il 8 May tarixli Azərbaycan
Respublikası Qanununa, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Nizamnaməsinə və fundamental prinsiplərinə
uyğun olaraq qurur. Beynəlxalq Hərəkatın
Nizamnaməsinin 3-cü maddəsində təsbit olunmuşdur: “Milli Cəmiyyətlər hər bir
ölkənin əhalisinin ehtiyaclarına uyğun olaraq humanitar problemlərin həllində
dövlətə dəstək verir”.
Müstəqillik dövründə 1993-cü ildən başlayaraq 2006-cı
ilə qədər Milli Cəmiyyət olaraq əsas fəaliyyətlər
Qarabağın işğalından sonra 1 milyona yaxın qaçqın və məcburi köçkünlərin əzab və
iztirablarının azaldılması istiqamətində proqramların həyata keçirilməsinə yönəldilmişdir.
Hal-hazırda Beynəlxalq Hərəkatın əsasını təşkil edən 7 Fundamental prinsipi rəhbər
tutan Milli Cəmiyyət son dönəmlər dünyada baş verən humanitar böhranlara da
biganə qalmayıb və müxtəlif fəlakətlərdən zərər çəkmiş bir çox ölkələrə beynəlxalq
yardımlar etməklə özünün donorluq siyasətini göstərmişdir.
2023-cü il avqust ayının 21-də AzQAC Beynəlxalq Hərəkatın
əsas prinsiplərinə riayət edərək heç bir siyasi anlam güdmədən, hökumətin diktəsi
ilə deyil, Azərbaycan Qızıl Aypara Cəmiyyəti nizamnaməsinə, Azərbaycan Qızıl
Aypara Cəmiyyəti haqqında qanuna, Cenevrə konvensiyası və Seviliya
razılaşmasına uyğun olaraq milli mənsubiyyətə heç bir fərq qoymadan xoşməramlı
missiyası ilə ehtiyacı olanlara yardım olunması niyyətini ortaya qoymuş və Qarabağ
İqtisadi rayonunda yaşayan erməniəsilli sakinlərə ərzaq yardımı göstərməyə
hazır olması barədə qərar qəbul etmişdir. Avqust ayının 29-da 2 Tır avtomobili
vasitəsilə (40 ton un) ərzaq yardımının erməniəsilli sakinlərə çatdırılması məqsədilə
AzQAC-ın müvafiq heyəti yola düşmüş və ərzaq təyinatı üzrə çatdırılmışdır.
Ehtiyaclı insanlara millətindən, dinindən, irqindən, siyasi baxışlarından asılı
olmayaraq ərzaq yardımının Azərbaycan sərhədləri daxilində çatdırılması, əsas humanitar fəaliyyətlərdə hər
zaman aparıcı rola malik olmaq milli cəmiyyətin mandatına tam uyğundur, Beynəlxalq
Hərəkatın prinsiplərinə zidd deyil və əksinə, insanlığa xidmət kimi dəyərləndirilməlidir.
AzQAC-ın elektron poçt ünvanına göndərilmiş OCCRP
hesabatında humanitar missiyamıza aid, milli cəmiyyətin fəaliyyətinə dair
sifarişli və qərəzli yazı dərc edilib. Humanitar dəyərlərdən uzaq olan, xüsusilə
Rasmus Kanbek adlı yazarın sitatlarından istifadə olunaraq, həmin hesabatda Azərbaycan
dövlətinin və AzQAC-ın ünvanına qərəzli, heç bir əsası olmayan, reallıqdan tam
uzaq fikirlər səsləndirilib. Rasmus Kanbek dəfələrlə Azərbaycanın sülhsevər və
xoşməramlı niyyətinə kölgə salmağa cəhd göstərib, Azərbaycanın əleyhinə yazılar
dərc edərək beynəlxalq ictimaiyyətdə yanlış fikirlər formalaşdırmağa çalışıb. İndi
isə AzQAC-ın humanitar missiyasına müdaxilə edərək əsassız və qərəzli fikirlər
səsləndirir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu qərəzli, əsassız
və sifarişli hesabatı qəti olaraq rədd edir və bunu milli cəmiyyətin humanitar
missiyasına əsassız müdaxilə kimi qiymətləndirir.
BQXK-nın mandatının pozulması faktı reallığın tam əksinədir.
Belə ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Seviliya razılaşmasına uyğun olaraq,
ölkə ərazisində, o cümlədən Qarabağ İqtisadi Rayonunda istənilən humanitar
missiyanın həyata keçirməsində “Aparıcı” rolunda çıxış edir.
Ağdam- Xankəndi yolu ilə AzQAC-ın ərzaq yardımını
daşıyan 2 Tır avtomobili 29 gün beton sədlərin önündə qalmış və Milli Cəmiyyətin
müvafiq heyəti çadırlarda gecələməli olmuşdur. Təəssüf ki, o dövrdə Qarabağda fəaliyyət
göstərən rejim AzQAC-ın bu xoşməramlı niyyətini və göndərdiyi ərzaq yükünün qəbul
edilməsinə maneələr yaratmışdır. Halbuki, ərzaq böhranı iddia olunan ərazidə ərzaq
yükünü qəbul etməmək humanitar fəlakətin olmaması təəssüratını yarada bilər.
Lakin, ayparaçılar o dövrdə qanunsuz rejim tərəfindən baş verə biləcək təxribatlara
baxmayaraq, ərzaq yükünün təyinatı üzrə çatdırılmasına müvəffəq olmuşdur.
29 gün ərzində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara
Cəmiyyətləri Federasiyasının prezidenti Françesko Rokka ilə, BQXQACF QAFQAZ regionu üzrə ofis rəhbəri Davron Muxamadiyev
ilə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan
Nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə mütamədi olaraq danışıqlar, həmçinin fikir
mübadiləsi aparılmışdır. Milli Cəmiyyətin prezidenti və baş katibi yerli media ilə
yanaşı, xarici medianı da maraqlandıran bütün suallara ətraflı cavab vermişdir.
Məlumat üçün bidirək ki, hal-hazırda da mütəmadi olaraq
Az.QAC Qarabağ regionunda, əsasən, Xankəndidə
qalan erməniəsilli Azərbaycan vətəndaşlarına baş çəkir, onlarla müvafiq söhbətlər
aparır, onlara müvafiq ərzaq və qeyri-ərzaq yardım paketləri paylayır. Həmçinin,
onların problemləri ilə yaxından maraqlanır, həllinə yönəldilmiş addımlar atır,
bütün lazımi diqqət və qayğını göstərir.
Hazırda qərəzli
hesabatda dərc etdiyiniz qeyri-obyektiv yanaşmalarınıza bizim də bəzi
suallarımız var. Belə ki;
1. İlk olaraq artıq erməniəsilli
sakinlərə çatdırdığımız humanitar yardımın üstündən bir il vaxt keçmişdir. Niyə
həmin vaxt heç bir araşdırma və yaxud məqalə yazılmayıb, məhz niyə indi bu məsələ
aktuallaşıb?
2. Milli Cəmiyyətlərin öz ölkəsi
daxilində humanitar missiyasını həyata keçirməsi nə vaxtdan mandat pozuntusu kimi adlandırılır?
3. Humanitar dəyərləri üstün
tutaraq erməniəsilli sakinlərə yardım çatdırılmasaydı, bunu
biganəlik, fəaliyyətsizlik kimi qiymətləndirəcəkdinizmi ?
Milli Cəmiyyətin prezidenti Novruz Aslanov haqqında
əsl kontekstindən çıxarılan müsahibələrə münasibət bildirmək istərdik:
“24 saata necə tarix yazmaq olar” deməklə, Cəmiyyətin
prezidenti heç bir mülki insanı öldürmədən, yaralamadan, yaşayış evlərini dağıtmadan,
obyekt və infrastruktura ziyan vurmadan həyata keçirilən antiterror əməliyyatını
bir nümunə olaraq göstərmişdir. Novruz Aslanov bu müsahibəni deputat kimi
vermişdir, AzQAC-ın prezidenti kimi yox.
1995-ci ildən etibarən əmək haqqı almadan AzQAC-ın könüllüsü
kimi çalışan, fəaliyyəti müddətində saysız-hesabsız beynəlxalq görüşlərdə hərəkata
töhfəsi olan, hərəkata aid “Mənim düşüncələrim”(Beynəlxalq Qızıl Xaç və Qızıl
Aypara hərəkatı haqqında) “Qızıl Aypara dünən, bu gün, sabah”, “Qızıl Aypara zamanın
axarında”, “Humanitar Diplomatiya” kimi, ümümilikdə 13 kitab müəllifinə, fəlsəfə
doktoruna, ölkədə tanınan bəstəkar və ictimai xadimə, millət vəkilinə qarşı ədalətsiz ittihamlar
yolverilməzdir. Belə əsassız fikirlərin qərəzli olması ilə yanaşı, sifarişli
olması da bizdə əsaslı şübhələr doğurur. Həmin vaxt istər xarici media nümayəndələrinə, istərsə də
yerli media nümayəndələrinə müsahibələr təşkil edilmiş və brifinqlər
keçirilmişdir. Sual yaranır: “Bəs həmin vaxtı niyə sizi maraqlandıran suallar
ünvanlanmayıb, bu və ya digər şəkildə brifinqlərə qoşulmurdunuz?”
Cəmiyyətin Baş Katibi Ceyhun Mirzəyevin ilk fəaliyyətini
könüllü kimi qaçqın və məcburi köçkünlərin yerləşdiyi çadır şəhərciklərindən
başlayan, onlara humanitar yardımların çatdırılmasında fəal iştirak edən və
aşağı vəzifələrdən Cəmiyyətin Baş Katibi vəzifəsinə kimi yüksələn insanın müsahibələrində
səhv axtarmaq qeyri peşəkarlığın əlamətidir.
Məlumat üçün bildirək ki, həmin vaxt AzQAC-ın
çadırlarda qalan heyəti və ərzaq yardımına yaradılmış maneə ilə tanış olmaq
üçün 60-a yaxın xarici diplomatik missiya nümayəndələrini müşayiət edən dövlət
rəsmilərinin cəmiyyətin könüllü heyəti ilə görüşüb şəkil çəkdirməsi qəbahət
sayılmır.
AzQAC 2003-cü ildən etibarən öz nizamnaməsinə uyğun
olaraq (Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş, Beynəlxalq Qızıl Xaç Komitəsinin
və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası Nizamnamələr
üzrə birgə komissiyası tərəfindən müsbət rəy verilərək 1-ci kateqoriya qrupuna
aid edilmiş) özünün fəxri üzvlərini seçkili orqanlara namizədliklərini irəli
sürmək və dəstəkləmək hüququna malikdir. Nizamnamənin 13-cü maddəsində təsbit
olunmuşdur: ”Baş Məclis Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəal, həqiqi və fəxri
üzvlərini, eləcə də Cəmiyyətin fəxri sədrini respublikanın ictimai həyatında əvəzsiz
rolunu və təşkilatın inkişafında xüsusi xidmətlərini nəzərə alaraq, həmin şəxslərin
təltif edilməsi və onların müxtəlif seçkili orqanlara namizədliklərini vermək
üçün tədbirlər görür, bu məsələlərlə əlaqədar müvafiq təkliflər verir”.
21 dekabr 2023-cü ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
XXVI Baş Məclisində cari məsələlərlə yanaşı, Baş Katibin hesabatı dinlənilmiş,
sonda mənsub olduğu partiya tərəfindən prezidentliyə namizədliyi artıq irəli
sürülmüş Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri üzvü cənab İlham Əliyevin Baş
Məclis tərəfindən namizədliyi dəstəklənmişdir. Burada humanitar hərəkatın tələblərini
pozan və ziddiyyət yaradan heç bir hal yoxdur.
Birmənalı olaraq bildiririk ki, Azərbaycan hökuməti
AzQAC-ın fəaliyyətinə heç vaxt müdaxilə etməyib və etmir. Azərbaycan Qızıl Aypara
Cəmiyyəti heç bir siyasətə, siyasi proseslərə qoşulmur, öz nizamnaməvi prinsiplərinə,
beynəlxalq humanitar dəyərlərə sadiqliyini qoruyub saxlayır.
Milli Cəmiyyətlərin fəaliyyətində hər hansı bir fundamental prinsiplərin
pozulması ilə baş verən hallar olduqda,
hərəkatdaxili tərəfdaşlar- Beynəlxalq Qızıl Xaç Komitəsinin, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyasının müvafiq qaydada rəy və təklifləri, tövsiyələri ilə aradan
qaldırılır. Kənar təsisatların Milli Cəmiyyətin bu və ya digər şəkildə fəaliyyətinə qiymət
verməsi, müdaxiləsi qətiyyən yolverilməzdir!! Əgər hərəkatdaxili təşkilatlar- Beynəlxalq
Qızıl Xaç Komitəsi, Beynəlxalq Qızıl Xaç
və Qızıl Aypara Cəmiyyətləri Federasiyası Milli Cəmiyyətin humanitar fəaliyyəti
barədə hər hansı bir iradı bildirməyibsə, kənar təsisatların hər hansı bir
ittihama cəhd göstərməsi yersizdir.
Ümid edirik ki, hərəkatdaxili tərəfdaşlarımız olan Beynəlxalq Qızıl
Xaç Komitəsi, Beynəlxalq Qızıl Xaç və
Qızıl Aypara Cəmiyyətləri Federasiyası OCCRP hesabat yazısına obyektiv münasibətini
bildirərək, bu kimi xoşagəlməz halların gələcəkdə də baş verməsinin qarşısının
alınmasına öz töhfələrini verəcəklər.