Mina və hərbi sursatların təhlükələrinə qarşı maarifləndirmə sessiyalarımız davam edir
Əsas səhifə / XƏBƏRLƏR / Mina və hərbi sursatların təhlükələrinə qarşı maarifləndirmə sessiyalarımız davam edir
Sumqayıt şəhərində keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanalarda qəsəbələrdə məcburi köçkün məktəblərində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina təhlükəsinə dair təlim keçirilib. Təlim Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və ANAMA Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilib.
AzQAC-ın mütəxəssis və könüllülərindən ibarət heyət tərəfindən adı çəkilən qəsəbələrdə, yataqxanalarda “Qapı-qapı” və məktəb formatında keçirilən təlimlərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində geri qayıdacaq sakinlər arasında mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı məlumatlılığı artırmaq, mümkün risk faktorunu minimuma endirməkdir. Təlimçilər hər bir mənzilə və məktəblərə gedərək sakinlərə, şagirdlərə zəruri məlumatlar verib, onların suallarını cavablandırıblar.Təlimlər zamanı qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanlar, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri barədə ətraflı məlumatlar verilib, maarifləndirici broşürlər paylanılıb. Ümumilikdə, fəaliyyətlər ərzində Sumqayıt şəhəri üzrə ilkin mərhələdə 1985 nəfərdən çox keçmiş məcburi köçkün maarifləndirilib.
Bu fəaliyyətlərin həyata keçrilməsində göstərdikləri hərtərəfli dəstəyə görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və ANAMA Agentliyinin rəhbərliyinə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi, üzvləri və könüllüləri adından dərin təşəkkürümüzü bildiririk. Ümid edirik ki, bundan sonrakı fəaliyyətlərdə də səmərəli əməkdaşlığımız uğurla davam etdiriləcəkdir.