Avropa İttifaqının
(Aİ) maliyyə dəstəyilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyası (IFRC) “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş
cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan
qaldırılması” layihəsini həyata keçirir. Bu layihə çərçivəsində IFRC Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin (AzQAC) “Psixi Sağlamlıq və Psixososial dəstək
(PSPSD)” potensialını gücləndirməyə davam edir.
Bu Güneldir, və o Azərbaycan
Qızıl Aypara Cəmiyyəti könüllüsüdür.
“Mən Günel Abbasova, artıq
14 ildir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam rayon bölməsinin
könüllüsüyəm. Mən Ağdamdan məcburi köçkün düşəndə münaqişə mənim də həyatımda
bir çox iz buraxmışdı. Yarım qalan arzularım, itirdiyim uşaqlığım və ali təhsil
ala bilməməyim məni çox sarsdı psixoloji olaraq. Çətinliklərə baxmayaraq, balaca
Günel artıq böyümüşdü, lakin arzuları hələ də həyata keçməmişdi. Həmişə düşünürdüm
ki, böyüyəndə hüquqşünas olacam və ehtiyacı olan insanlara yardım edəcəm.”
Milli Cəmiyyət Günelin
həyatında böyük rol oynayıb. Azərbaycan Qızıl Aypara Cəmiyyəti ona bu çətin
zamanlarda ümid verib və potensialını reallaşdırmağa kömək edib.
“Zaman keçirdi, yaş
üstə yaş gəlirdi, və mən artıq ümüdimi itirirdim. Lakin, ümüdlərimin tükəndiyi
anda təsadüfən yolda bir nəfərlə qarşılaşdım. O insan mənə Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin Ağdam bölməsi haqqında məlumat verdi və orada könüllülərə ehtiyac olduğunu
bildirdi. Maddi maraq güdmədən könüllü kimi bu cəmiyyətin missiyasının bir
parçası ola biləcəyimi dedi. Normalda hər birimiz ən azından xırda da olsa görəcəyimiz
işin qarşılığında maddi dəstək gözləyirik. Amma nədənsə heç bu barədə bir saniyə
belə düşünmədim. Artıq seçimimi etmişdim. Özümü orada tapacağıma inandım və həqiqətən
də yanılmadım. Seçimim mənim qırıq qanadlarımı sağaltdı, Aypara mənə yağan
yağışdan sonra çıxan günəş oldu.”
Milli Cəmiyyət onun
bilik və bacarıqlarını inkişaf etdirə biləcəyi bir yerə çevrildi. Amma Günel nəyinsə
çatışmadığını hiss edirdi.
“İllər sonra artıq təhsil
almaq fikrindən vaz keçmişdim, lakin Ayparada özümü inkişaf etdirməyə başladım.
Bir çox rayon və şəhərlərə səfər edərək, peşəkar və savadlı təlimçilərdən təlimlər
alırdım, bilik və bacarıqlarımı artırırdım.
Özümü daha xoşbəxt
hiss etməyə başlamışdım. Humanitar yardımların paylanışında iştirak edirdim,
ilk yardım göstərirdim, bir çox insanlarla tanış olub dostlar qazanmışdım. Amma
hələ də çatışmayan nələrsə var idi. Bəzən çox gücsüz olurdum. Bəzən isə baş verən
hadisələrdən qaçırdım, sankı itirmək qorxusu məni irəli addım atmağa imkan
vermirdi.
İnkişaf etdikcə özümü
axtarışa başladım. Mən kiməm, hardayam və harda olmalıyam. Bu sualları özümə
daima verirdim. Bir gün yeni təlimin elanını etdilər. Təlimin adını eşidərkən içimdə
xoş bir qığılcım yarandı. Əlbəttə ki, həyatımın o məqamında mənim məhz bu
mövzuda təlimə ehtiyacım var idi – psixi sağlamlıq və psixososial dəstək.”
Psixi sağlamlıq və
psixososial dəstək sahəsi onun həyatında çatışmayan boşluğu doldurdu – özünü
daha yaxşı anlamağa, daha xoşbəxt olmağa və insanlarla münasibətlərini yaxşılaşdırmağa
kömək etdi.
“Bu mövzuda təlimlərə
qatılıb fəaliyyətlərdə iştirak edərkən, özümü və öz istəklərimi daha yaxşı başa
düşməyə başladım. İllər keçdikcə artıq bu sahədə digər insanları da maarifləndirə
biləcəyim səviyyəyə çatmışdım. Artıq mən AzQAC könüllüsü olaraq məktəblərdə 5-12
yaş uşaqlarla işləməyə başlamışdım, onlara psixososial məşğələlər keçirirdim.”
“İndi özümü tapmışam
və bilirəm ki, psixi sağlam olmadan sağlam olmaq mümkün deyil. Streslə mübarizə
etməyi bacarıram və özümə qayğı göstərirəm. Bu mövzuda icma üzvlərinə maarifləndirmə
sessiyaları keçirirəm. İnsanlar psixi sağlamlıq mövzusunda maarifli olsalar bu
onları psixoloji problem və travmalardan qoruya bilər. Həyatlarında ümid və
işıq olduğunun fərqinə vararlar.”
“İndi daha güclüyəm. İstəyirəm
ki, insanlar bir olub çətin vəziyyətlərdə bir birilərinə dəstək olsun. Necə ki
biz bunu Aypara Cəmiyyətində edirik. Məni mənə qazandıran Azərbaycan Qızıl
Aypara Cəmiyyətinə və Psixi Sağlamlıq və Psixososial dəstək komandasına çox təşəkkür
edirəm.”