AzQAC-ın “Axtarış, xilasetmə və ilk yardım”-a dair simulyasiyası keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın “Axtarış, xilasetmə və ilk yardım”-a dair simulyasiyası keçirilib
4 dekabr 2024-cü il tarixində “Fövqəladə hallar zamanı təhsilə giriş” layihəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər Şöbəsinin təşkilatçılığı və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının dəstəyi ilə Tovuz rayonunun Nəsrəddin Tusi adına məktəb-liseyində “Axtarış, xilasetmə və ilk yardım” mövzusunda genişmiqyaslı simulyasiya həyata keçirilib. Simulyasiya zamanı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz regionu üzrə Fövqəladə Hallar Zamanı Təhsil nümayəndəsi Sara Frodge, Türk Qızılayının Qafqaz regionu üzrə nümayəndəliyinin rəhbəri Hüseyin Çıtak, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Tovuz Dövlət Yanğından Mühafizə Hissəsi, Dövlət Yol Polisi, Tovuz Təhsil Şöbəsi, Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Xidməti, AzQAC-ın Tovuz, Qazax, Gəncə rayon bölmələrinin sədr və könüllüləri, məktəbin müəllim kollektivi, şagirdləri, AzQAC-ın İcraçı Katibliyinin müavini, eyni zamanda Gənclər və Könüllülər Şöbəsinin müdiri Xalidə İsgəndərova, AzQAC-ın Regional Mərkəzlər və Yerli Bölmələrlə İş Şöbəsinin müdiri Nicat Qəniyev və AzQAC-ın Baş Qərargahının əməkdaşları iştirak ediblər. Simulyasiya zamanı ilk tibbi yardım, yanğından və zəlzələdən xilas etməyə dair ssenarilər həyata keçirilib. Əvvəlcə Fövqəladə Hallar Nazirliyi tərəfindən məktəb kollektivinə və simulyasiya iştirakçılarına videoçarxlar və təqdimatlar nümayiş etdirilib. Daha sonra təlim keçmiş könüllülər digər könüllülərlə, məktəb kollektivi, müəllim və şagirdlərlə müvafiq söhbətlər aparıb və onlara simulyasiya zamanı rollar verilib. Keçirilmiş simulyasiya məktəb kollektivinin və AzQAC könüllülərinin fövqəladə hallara cavabvermə və hazırlıq səriştələrinin artırılması məqsədini daşıyıb. “Axtarış, xilasetmə və ilk yardım” üzrə simulyasiyalar AzQAC tərəfindən Qazax rayonunda davam etdiriləcəkdir.