26 noyabr 2024-cü il tarixində Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) Meta Korporasiyası
ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) üçün
“Qızıl Xaç və Qızıl Aypara Hərəkatı üçün META platformaları” adlı təlim
sessiyası təşkil etdi. Bu təlim Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən
“Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının
potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivəsində həyata
keçirilib.
Sessiya IFRC-nin Azərbaycandakı Milli Cəmiyyətin İnkişafı üzrə Nümayəndəsi və hazırda
Proqram və Əməliyyatlar üzrə Menecer vəzifəsini icra edən Aleksandr Mordovin tərəfindən
açılış nitqi ilə başlayıb və Meta-nın ölkə üzrə tərəfdaşları Burak Karagöl,
Sezen Yeşil və Naz Değirmenci tərəfindən davam etdirilib.
Birinci sessiyada Meta platformaları
haqqında ətraflı məlumat təqdim edilərək, sosial media platformalarından
effektiv istifadəyə dair ən yaxşı təcrübələr vurğulanıb. Daha sonra keçirilən
hissədə iştirakçılara sosial media platformalarında reklam yerləşdirmə strategiyaları,
Meta reklamlarının effektivliyini artırmaq yolları və reklam kampaniyalarının təsirinin
ölçülməsi haqqında məlumatlar verilib.
Bu sessiya iştirakçılara kommunikasiya və təbliğat
fəaliyyətlərini təkmilləşdirmək üçün Meta platformalarından istifadə bacarıqlarını
artırmaqda dəyərli biliklər qazandırıb.