31 yanvar 2025-ci il tarixində Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin Baş Qərargahında Azərbaycan Qızıl Aypara Cəmiyyəti,
Beynəlxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyası (BQXQACF) arasında üçtərəfli görüş keçirilib.
Görüşdə Qızıl Aypara Cəmiyyətinin
vitse-prezidenti Qafar Əsgərzadə, Baş katib Ceyhun Mirzəyev, İnformasiya və
İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları, Milli Cəmiyyətin İnkişafı üzrə
nümayəndəsi Aleksandr Mordovin, BQXK-nin Azərbaycan nümayəndəliyinin
İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova, BQXK-nin Azərbaycan
nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin koordinatoru Muhammad Zubair Xan və digər
əməkdaşlar iştirak ediblər.
Tədbiri açan vitse-prezident Qafar
Əsgərzadə iştirakçıları salamlayaraq bu görüşün tərəflər arasında əməkdaşlığın
daha səmərəli qurulması baxımından vacibliyini vurğulayıb. O, çıxışında
AzQAC-ın fəaliyyəti, humanitar sahədə görülən işlər və qarşıda duran
prioritetlər haqqında ətraflı məlumat verib.
Görüşdə əsas müzakirə
mövzularından biri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 10 mart 2025-ci ildə
qeyd ediləcək 105 illik yubileyi olub. Bu çərçivədə həyata keçirilməsi
planlaşdırılan tədbirlər, aksiyalar və kampaniyalar, onların təşkilati və
texniki detalları nəzərdən keçirilib. Yubiley tədbirlərinin daha geniş
auditoriyaya çatdırılması üçün kütləvi informasiya vasitələrinin, o cümlədən
televiziya və radio kanallarının, eləcə də sosial şəbəkələrin aktiv istifadəsi
məsələsi müzakirə olunub.
Bundan əlavə, görüş zamanı Bakı
şəhərində və bölgələrdə AzQAC-ın yerli bölmələrinin yubiley tədbirləri
çərçivəsində daha aktiv fəaliyyət göstərməsi üçün görüləcək addımlar müzakirə
edilib. Baş katib Ceyhun Mirzəyev qeyd edib ki, yubiley tədbirləri təkcə mərkəzi
səviyyədə deyil, həm də regionlarda geniş şəkildə təşkil olunmalıdır. O,
bildirib ki, hər bir yerli bölmə bu prosesdə fəal iştirak etməli və cəmiyyətin
tarixi irsini, humanitar fəaliyyətini ictimaiyyətə daha yaxından tanıtmalıdır.
Görüşdə tərəflər gələcəkdə daha
sıx əməkdaşlıq etmək və humanitar fəaliyyətin gücləndirilməsi istiqamətində
birgə layihələr həyata keçirmək barədə razılığa gəliblər. BQXK və BQXQACF
nümayəndələri çıxışlarında qeyd ediblər ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti
regionda mühüm humanitar missiyanı yerinə yetirir və onun fəaliyyətini daha da
gücləndirmək üçün beynəlxalq tərəfdaşlar daim dəstək verməyə hazırdırlar.
Sonda vitse-prezident Qafar
Əsgərzadə görüşün bütün iştirakçılarına təşəkkür edərək belə müzakirələrin
mütəmadi olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıb.