AzQAC Cəbrayıl rayon bölməsi Qoşabulaq kəndində “İlk Yardım Postu” tədbiri təşkil edib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Cəbrayıl rayon bölməsi Qoşabulaq kəndində “İlk Yardım Postu” tədbiri təşkil edib

AzQAC və BQXK-nın dəstəyi ilə Cəbrayıl rayon bölməsinin FMKD-nin aylıq müntəzəm fəaliyyətlərindən biri olan "İlk Yardım Postu" tədbiri Cəbrayıl rayonunun Qoşabulaq kənd tam orta məktəbində uğurla təşkil olunub. Tədbir çərçivəsində məktəblilərə ilk yardım proqramına uyğun olaraq praktiki və nəzəri təlimlər verilib. Məqsəd, gənc nəsilin ilkin tibbi yardım sahəsində bilik və bacarıqlarını artırmaq, eyni zamanda, bu sahədəki məlumatlılıqlarını gücləndirərək təhlükəsizlik mədəniyyətini formalaşdırmaq idi.

Təlimlərdə iştirakçılara təcili vəziyyətlərdə ilk yardım tədbirləri haqqında geniş məlumat verilib. Məsələn, qəza hallarında və ya təbii fəlakətlər zamanı həyat qurtaran müdaxilələr, müxtəlif travmalar və yaralanmalar zamanı göstərilməsi vacib olan ilk yardım addımları praktiki şəkildə nümayiş olunub. Həmçinin, təlim iştirakçıları müxtəlif təcili hallar üzərində müzakirələr apararaq, bu məlumatları praktikada necə tətbiq etməli olduqlarını öyrəniblər. Tədbir zamanı, ilk yardım sahəsində yaranan suallar cavablandırılıb və iştirakçılar bu mövzuda daha dərindən məlumat əldə ediblər.