BQXQACF Cənubi Qafqaz ölkələri üzrə klaster nümayəndəliyinin rəhbəri xanım Sonja Bjorklund AzQAC Bakı Regional Mərkəzinin qonağı olub

Əsas səhifə / XƏBƏRLƏR / BQXQACF Cənubi Qafqaz ölkələri üzrə klaster nümayəndəliyinin rəhbəri xanım Sonja Bjorklund AzQAC Bakı Regional Mərkəzinin qonağı olub

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz ölkələri üzrə klaster nümayəndəliyinin rəhbəri xanım Sonja Bjorklund AzQAC Bakı Regional mərkəzinin qonağı olub. Onu BQXKQACF-in Milli Cəmiyyətin inkişafı üzrə nümayəndəsi Aleksandr Mordovin müşayiət edib.


Görüşdə həmçinin AzQAC-ın İcraçı katibinin müavini Xalidə İskəndərova və Türk Qızılayın Azərbaycandakı nümayəndəsi Hüseyn Çıtak iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Bakı Regional Mərkəzinin koordinatoru Rəna İbrahimova qonaqları və iştirakçıları AzQAC rəhbərliyi və könüllülər adından salamlayıb. O, Milli Cəmiyyətin tarixindən bəhs edərək, AzQAC-ın ölkədə həyata keçirdiyi humanitar fəaliyyətlər, regional mərkəzlərin rolu və könüllülük prinsiplərinin gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Xüsusilə, Bakı Regional Mərkəzinin humanitar sahədə göstərdiyi səyləri, yerli icmalarla əməkdaşlıq çərçivəsində həyata keçirdiyi təşəbbüsləri və könüllülərin fəal iştirakı ilə gerçəkləşdirilən layihələri vurğulayıb.


Daha sonra çıxış edən Sonja Bjorklund səfər çərçivəsində AzQAC əməkdaşları və könüllülərlə birgə uşaq evinə etdikləri ziyarət barədə təəssüratlarını bölüşüb. O, bu cür sosial yönümlü təşəbbüslərin icmalar arasında həmrəyliyi artırdığını, həssas qruplara dəstəyin vacibliyini qeyd edərək, AzQAC kollektivinə bu fəaliyyətlərə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.


Görüş qarşılıqlı fikir mübadiləsi, gələcək planlar və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələrlə davam edib. Tədbirin sonunda qonaqlar Bakı Regional Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub, könüllülərlə söhbət edərək onların fəaliyyəti və gələcək planları barədə məlumat alıblar.