AzQAC Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin 105 illik yubileyinə həsr olunmuş “Qızıl Aypara 105 il
şagirdlərin gözü ilə” adlı Sumqayıt şəhər ümumtəhsil məktəbləri arasında
keçirilən rəsm müsabiqəsinin qaliblərini müəyyən etmək üçün komissiya
yaradılıb. Komissiyaya Sumqayıt Rəsm Qaleriyasının direktoru, Azərbaycan
Rəssamlar İttifaqının üzvü Ellada Həsənova, Əməkdar Mədəniyyət işçisi Fazil
Abbasquluzadə, Fəxri Mədəniyyət işçisi Nəsibə Şükürova, Azərbaycan Rəssamlar
İttifaqının və Beynəlxalq Sulu Boya Cəmiyyətinin üzvü, Sumqayıt
nümayəndəliyinin rəhbəri İntiqam Cəfərov və Azərbaycan Rəssamlar İttifaqının
üzvü Tofiq Əhmədov da daxil olmuşdu.
Şagirdlərin
çəkdiyi rəsmlərə baxış keçirilmiş, fikir mübadiləsi aparılmış və qaliblər ilə
fəal iştirakçılar müəyyən olunmuşdur. Regional Mərkəzin koordinatoru Mətanət
Məhərrəmova, qalibləri müəyyən etmək üçün dəvəti qəbul edən incəsənət
xadimlərinə öz adı və Sumqayıt şəhər bölməsinin əməkdaşları adından
təşəkkürlərini bildirib. Yaxın günlərdə keçiriləcək Yubiley müsabiqəsində
qaliblər diplom, iştirakçı sertifikatı və hədiyyələrlə təltif olunacaqlar.