2025-ci il martın 12-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXVII Baş
Məclisi keçirilib. İclası giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov iştirakçıları salamlayıb,
təşkilati məsələlər haqqında məruzə edib.
Daha sonra Mandat
komissiyasının sədri Niyaz Eyvazov komissiyanın hesabatını təqdim edərək, Baş Məclisin
səlahiyyətli olduğunu bildirib. Təsdiq olunmuş hesabatdan sonra Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin XXVII Baş Məclisi açıq elan olunub və Dövlət Himnimiz
səsləndirilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
İdarəetmə Şurasının 24 fevral 2025-ci il tarixli iclasında qəbul olunmuş XXVII Baş
Məclisinin gündəliyinin layihəsi təsdiq edilib.
Eyni zamanda, Baş Məclisdə
Cəmiyyətin prezidentinin və vitse-prezidentlərinin seçilməsi prosesi sonda nəticələr
üzrə Hesablama komissiyasının sədri İsa Qaraşov komissiyanın hesabatını Baş Məclisə
təqdim edib.
Baş Məclis nümayəndələri
tərəfindən təsdiq olunmuş həmin hesabatı və protokola əsasən, Novruzəli Aslanov yenidən 7
il müddətinə Cəmiyyətin prezidenti vəzifəsinə seçilib.
Qafar Əsgərzadə və Rövşən
Əliyev isə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidentləri vəzifəsinə
seçiliblər.
Cəmiyyətin prezidenti ona
göstərilən etimada görə təşəkkür etdikdən sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
İcraçı katibi Ceyhun Mirzəyev 28 fevral 2018-ci il – 12 mart 2025-ci illər üzrə
Cəmiyyətin hesabat məruzəsini təqdim edib.
Maliyyə komissiyasının
üzvü Zakay Şayev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 28 fevral 2018 – 12 mart
2025-ci ilə qədər olan maliyyə hesabatını təqdim edib.
AzQAC-nin vitse-prezidenti
Qafar Əsgərzadə öz çıxışında İdarəetmə Şurasının qərarlarının təsdiqi barədə məlumat
verib. Çıxışlarda 105 il öncə, 10 mart 1920-ci il tarixində Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin təsis olunması, insanlıq naminə fəaliyyət göstərilən bu xeyirxah,
humanist yolda eyni məqsəd uğrunda yorulmadan çalışan hər bir kəsə dərin təşəkkür
bildirildi.
Daha sonra Hesabat məruzəsi
ətrafında çıxışlar başlayıb. Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir Regional Mərkəzlərinin
koordinatorları və Cəmiyyətin veteranı Firuzə Əliyeva çıxış etdi. Baş Məclisin
öz işini bitirdikdən sonra, AzQAC 105 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbir zamanı AzQAC
prezidenti Novruz Aslanov təbrik çıxışı etdi. Sonra monitorda Beynəlxalq Qızıl
Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti xanım Kate Forbesin
və Türkiyə Qızıl Ay Cəmiyyətinin prezidenti professor Fatma Meliç Yılmazın təbrik
mesajları səsləndirildi. Onlar öz çıxışlarında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
105 illik yubileyi münasibətilə səmimi təbriklərini, arzularını və gələcək əməkdaşlıq tərəfdən əlaqələrin
daha da möhkəmləndirmək naminə söz açdılar.
Həmçinin, Beynəlxalq
Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin başçısı Dragana Kojic çıxış
edərək Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 105 illik yubileyi münasibətilə öz
təbrikini çatdırdı. O, çıxışı zamanı AzQAC-ın uzun illər ərzində göstərdiyi
humanitar fəaliyyətin əhəmiyyətini, eləcə də 30 ildən artıq müddətə BQXK tərəfindən
Azərbaycanda AzQAC-la əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlərdən
bəhs etdi, təşkilatın milli və beynəlxalq humanitar missiyalara verdiyi töhfələri
yüksək qiymətləndirdi. Xanım Dragana həmçinin BQXK və AzQAC arasındakı əməkdaşlığın
əhəmiyyətini xüsusi olaraq qeyd etdi.
AzQAC-nin 105 illik
Yubileyi konsert proqramı ilə davam etdirildi. Sonda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
himni səsləndirildi və bununla da tədbir sona çatdı.