5 may 2025-ci il tarixində Bakı şəhərinin
Şüvəlan kəndində dəniz kənarında AZQAC-ın rəhbər heyəti, əməkdaşları və
könüllüləri Xəzər dənizi sahilində ekoloji təmizlik aksiyasında iştirak ediblər.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ətraf
mühitin mühafizəsi və ekoloji şüurun artırılması məqsədilə növbəti sosial məsuliyyət
təşəbbüsünü həyata keçirib.
Aksiya çərçivəsində dənizkənarı ərazidə
toplanan plastik tullantılar, məişət zibilləri və digər ətraf mühitə zərərli
materiallar könüllülərin birgə səyi ilə təmizlənib. Həmçinin aksiya zamanı ətraf
mühitin qorunmasının vacibliyinə dair maarifləndirici məlumatlar paylanıb,
ictimaiyyətə tullantıların çeşidlənməsi və təkrar emalı ilə bağlı broşürlər təqdim
olunub.
Aksiya yerli Şüvəlan bələdiyyəsinin dəstəyi
ilə təşkil olunub. Gələcəkdə bu təşəbbüsün davam etdirilərək Azərbaycanın digər
bölgələrində də oxşar aksiyaların keçirilməsi planlaşdırılır.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ətraf
mühitin qorunması istiqamətində maarifləndirici və praktik tədbirlər həyata
keçirməklə, sağlam və təhlükəsiz cəmiyyətin formalaşmasına töhfə verməkdə davam
edir.