Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının bəyanatı
Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının bəyanatı
Azərbaycan
Qızıl Aypara Cəmiyyəti (AzQAC) bəyan edir ki, son günlər bəzi kütləvi
informasiya vasitələrində və müxtəlif sosial platformalarda təşkilatımıza qarşı
məqsədli, məkrli, qərəzli və əsassız şəkildə çirkin qarayaxma kampaniyası
aparılır. Bu kampaniya açıq-aşkar böhtan xarakteri daşıyır, reallığı əks
etdirmir. İctimaiyyətdə çaşqınlıq yaradılmasına cəhd göstərilir, bununla da Cəmiyyətin
105 illik tarixi boyu formalaşdırdığı yüksək nüfuzuna və imicinə xələl gətirmək
məqsədi daşıyır. Bu da haqlı olaraq cəmiyyət üzvlərinin ciddi narazılığına,
etirazına səbəb olmuşdur. Hamıya
məlumdur ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci ildən bu günə qədər
milli və beynəlxalq hüquq normaları, eləcə də Beynəlxalq Qızıl Xaç və Qızıl
Aypara Hərəkatının fundamental prinsipləri əsasında fəaliyyət göstərir. Cəmiyyət
öz nizamnaməvi vəzifə və missiyasını Azərbaycan Respublikasının Konstitusiyası
və qanunvericiliyi çərçivəsində, tam şəffaf və ictimaiyyətə açıq formada həyata
keçirir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyət istiqamətləri müxtəlifdir
və cəmiyyətin rəsmi internet saytında, eləcə də mətbuat orqanında bütün fəaliyyətlər
barədə mütəmadi olaraq ətraflı məlumatlar yerləşdirilir. Həmçinin, saytda illik
hesabatlar da yer alır. Hər bir Azərbaycan Respublikası vətəndaşı onları
maraqlandıran məlumatları rəsmi saytdan əldə edə bilər. Təəssüf
doğuran hal odur ki, bu böhtan və əsassız yazılar, Cəmiyyətin 105 illik yubiley
tədbirindən dərhal sonra başlamışdır ki, bu da kampaniyanın planlı və qərəzli
xarakter daşıdığından xəbər verir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə
qarşı yönəlmiş bu cür təxribat xarakterli addımlar birmənalı olaraq, ilk növbədə
dövlətimizin və xalqımızın humanitar dəyərlərinə zidd olmaqla yanaşı, həm də sosial
cəhətdən müdafiəyə ehtiyacı olan insanların yardıma çıxış imkanlarını təhdid
altına alır. AzQAC
humanitar ehtiyaclar zamanı zəruri layihələr həyata keçirərək əhalinin həssas təbəqəsinə
təmənnasız xidmətlər göstərir. Buna misal olaraq, Koronavirus (COVİD19)
pandemiyası və II Qarabağ müharibəsi zamanı ayparaçıların fədakar əməyini qeyd
etmək olar. Bu zaman Cəmiyyətin əməkdaşları, könüllüləri öz həyatlarını riskə
ataraq humanitar missiyalarını ləyaqətlə yerinə yetirmişlər. Erməni silahlı
qüvvələrinin Bərdə şəhərinə atdıqları raket nəticəsində öz humanitar
missiyasını yerinə yetirən cəmiyyətin könüllüsü Məhərrəm Mustafayev həlak
olmuş, 2 könüllü isə yaralanmışdır. Həmçinin, AzQAC-ın üzvləri öz missiyalarına
uyğun olaraq Ağdam-Xankəndi yolunda humanitar kampaniya keçirərkən 29 gün ərzində
çadırlarda gecələməli olmuşlar. Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin səmərəli fəaliyyəti nəzərə alınaraq, Azərbaycan
Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri üzvü cənab
İlham Əliyevin müvafiq sərəncamları ilə cəmiyyətin əməkdaşları 5 Orden, 57 “Tərəqqi”
medalı ilə təltif olunub, 2 əməkdaşı əməkdar jurnalist fəxri adına layiq
görülüblər. 13 şəfqət işçisi isə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının
ən yüksək medalı olan “Florence Nightingale” medalını alıb. MDB
məkanında azsaylı milli cəmiyyətlərdəndir ki, fəaliyyəti “Azərbaycan Qızıl
Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və digər
qanunvericilik sənədləri ilə tənzimlənir. Bütün bunlar respublika rəhbərliyinin,
dövlətin AzQAC-a diqqət və qayğısının, eləcə də etibarının bariz nümunəsidir. Onilliklər
ərzində Cəmiyyətin uğurlarını, əməkdaşlarının və könüllülərinin fədakar əməyini
görməmək, zənnimizcə, heç bir məntiqə sığmır. Media
orqanlarını, jurnalistləri və sosial şəbəkə istifadəçilərini Milli Mətbuatımızın
150 illiyini qeyd etməyə hazırlaşdığı bir vaxtda, Həsənbəy Zərdabi ənənələrinə
sadiq qalaraq məsuliyyətli davranmağa, yaydıqları informasiyanın obyektivliyini
yoxlamağa və yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq. Hesab edirik ki, AzQAC-ın
fəaliyyəti barədə verilən rəylər və yazılar öncə müvafiq qaydada Cəmiyyətə
sorğunun göndərilməsi və sorğuya verilən cavablara əsaslanmalıdır. AzQAC
hər zaman olduğu kimi bundan sonra da öz xeyirxah missiyasına sadiq qalaraq xalqımıza
və dövlətimizə təmənnasız xidmət göstərəcək, humanitar sahədə hökumətin
yardımçısı kimi nizamnaməsindən irəli gələn vəzifələri vicdanla, şərəf və ləyaqətlə,
məsuliyyətlə yerinə yetirməyə davam edəcəkdir. Gələcəkdə
belə xarakterli yazıların dərc olunması davam edəcəyi təqdirdə, məsələyə hüquqi
müstəvidə qiymət veriləcəyi qaçılmaz ola bilər. Bəyanat Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin Idarəetmə Şurasının 19 may 2025-ci il tarixdə keçirilən
geniş tərkibli iclasında qəbul olunmuşdur.