Türk
Qızıl Aypara Cəmiyyətinin Prezidenti,
Dr. Fatma Meriç Yılmaz xanım,
Sizi Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin bütün əməkdaşları, üzvləri və könüllüləri adından səmimi qəlbdən
salamlayır və Türk Qızıl Aypara Cəmiyyətinin şərəfli 157-ci ildönümü münasibətilə
Sizi və rəhbərlik etdiyiniz kollektivinizi ürəkdən təbrik edirəm.
157 illik zəngin tarixə
malik olan Türk Qızıl Aypara Cəmiyyəti, Beynəlxalq Humanitar dəyərlərə
sadiqliyi, ehtiyac içində olan insanlara göstərdiyi mərhəmət, dəstək və yardımlarla
bütün dünyada nümunəvi bir Milli Cəmiyyət kimi tanınır. Bu böyük missiyanın
uğurla həyata keçirilməsində Sizin liderliyiniz, təşkilatın əməkdaşlarının və
könüllülərinin fədakar əməyi danılmazdır.
Azərbaycan və Türkiyə
yalnız ortaq tarix, mədəniyyət və dilə malik iki dost ölkə deyil, eyni zamanda
sarsılmaz qardaşlığı ilə bir-birinə bağlı, hər zaman bir-birinin yanında olan
iki dövlət və xalqdır. Xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi
zamanı Azərbaycan xalqı növbəti dəfə ciddi sınaqdan keçdi. Həmin ağır günlərdə
Türk Qızıl Aypara Cəmiyyətinin göstərdiyi həmrəylik və praktiki dəstək, Azərbaycan
xalqının yaddaşında dərin iz qoydu. Sizin bu çətin dönəmdə yanımızda olmağınız
və yardımınız
yalnız humanitar dəstək deyil, eyni zamanda güclü mənəvi bir dayaq idi. Bundan əlavə,
COVID-19 pandemiyası dövründə də Türk Qızıl Ayparasının Azərbaycan Qızıl Aypara
Cəmiyyətinə verdiyi dəyərli dəstək və həmrəylik unudulmazdır. Türk Qızıl
Ayparasının vaxtında göstərdiyi yardım, bu qlobal çətinlik dövründə Azərbaycanın
cavab tədbirlərini gücləndirməkdə və həssas icmalara çatmaqda mühüm rol oynadı.
Türk Qızıl Ayparasının təqdim etdiyi humanitar yardım, texniki dəstək və
qardaşlıq ruhu ortaq prinsiplərimizin gücünü və Milli Cəmiyyətlərimiz arasında
davamlı bağları bir daha sübut etdi.
Biz əminik ki, Türk Qızıl
Aypara Cəmiyyəti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında formalaşmış
möhkəm tərəfdaşlıq əlaqələri gələcəkdə də ortaq məqsədlər uğrunda birgə fəaliyyətlərlə
daha da dərinləşəcək. Humanitar Hərəkatın prinsiplərinə sadiq qalaraq, ehtiyac
içində olan insanlara yardım əlimizi birlikdə uzadacağıq. Bu bizim həm
humanitar, həm də milli borcumuzdur.
Bu əlamətdar gündə Türk
Qızıl Aypara Cəmiyyətinin bütün kollektivini bir daha təbrik edir, Sizə və rəhbərlik
etdiyiniz Cəmiyyətə davamlı uğurlar, qardaş Türkiyə xalqına isə rifah və əmin-amanlıq
arzulayıram.
Hörmətlə,
Dr. Novruz Aslanov
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı