AzQAC Sumqayıt Regional Mərkəzində Sumqayıt şəhər bölməsinin əməkdaşları və könüllüləri ilə geniş tərkibli görüş kecirilib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt Regional Mərkəzində Sumqayıt şəhər bölməsinin əməkdaşları və könüllüləri ilə geniş tərkibli görüş kecirilib
2025-ci il iyunun 18-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzində AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun iştirakı ilə Sumqayıt şəhər bölməsinin əməkdaşları və könüllüləri ilə görüş keçirilmişdir. İclası giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov tədbir iştirakçılarını salamlayaraq, Cəmiyyətin könüllü hərəkatına verdiyi yüksək dəyəri vurğulamış və bu istiqamətdə görülən işlərdən bəhs etmişdir. O, könüllülərin cəmiyyətin əsas dayaqlarından biri olduğunu qeyd etmiş, onların fədakar fəaliyyəti nəticəsində humanitar missiyaların uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır. Daha sonra gündəlik məsələlərin müzakirəsinə başlanılmış və Cəmiyyətin ümumi fəaliyyət istiqamətləri barədə geniş məlumat verilmişdir. Çıxış zamanı xüsusilə ehtiyaclı insanlara, eləcə də fəlakət və böhranlar zamanı zərərçəkmiş əhaliyə göstərilən zəruri humanitar yardımlarla bağlı fikir mübadiləsi aparılmışdır. Novruz Aslanov həmçinin qeyd etmişdir ki, fövqəladə hallar zamanı baş verə biləcək istənilən hadisəyə çevik və operativ cavabvermə tədbirlərinin həyata keçirilməsi Cəmiyyətin əsas prioritetlərindəndir. Bu baxımdan könüllülərin maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması istiqamətində təlim və hazırlıqların davam etdirilməsinin vacibliyi vurğulanmışdır. Görüş qarşılıqlı dialoq şəraitində keçmiş, iştirakçılar öz suallarını vermiş və gələcək fəaliyyətlərə dair bir sıra təkliflər səsləndirmişlər. Sonda xatirə şəkil çəkilib.