AzQAC-da Qarabağ regional mərkəzinin bölmə sədrləri ilə görüş keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-da Qarabağ regional mərkəzinin bölmə sədrləri ilə görüş keçirilib
 A meeting was held at the Azerbaijan Red Crescent Society with the chairpersons of the local branches covered by the Garabagh Regional Centre

Azərbaycan Qızıl Aypara Cəmiyyətində (AzQAC) Qarabağ Regional Mərkəzinin tabeliyində fəaliyyət göstərən yerli bölmələrin sədrləri ilə növbəti görüş keçirilib. Görüşün məqsədi regionda humanitar fəaliyyətin vəziyyətini qiymətləndirmək, mövcud çağırışları müzakirə etmək və gələcək fəaliyyət istiqamətlərini zamanın gerçəkliklərinə uyğun şəkildə  müəyyənləşdirmək olub. Tədbiri giriş sözü ilə açan AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə iştirakçıları salamlayaraq, təşkilatın Qarabağ İqtisadi zonasında  həyata keçirdiyi humanitar missiyaların əhəmiyyətindən danışıb. Bildirilib ki, Qarabağ bölgəsindəki bölmələr Cəmiyyətin ümumi fəaliyyətində mühüm rol oynayır və onların yerli səviyyədə göstərdiyi xidmətlər xüsusilə həssas əhali qruplarına yönəlibdi. Həmçinin, könüllülük fəaliyyətinin gücləndirilməsi, ehtiyacların qiymətləndirilməsi, təbii fəlakətlərə hazırlıq və icma əsaslı fəaliyyətlərin genişləndirilməsi mövzularında fikir mübadiləsi aparılıb. Daha sonra AzQAC-ın vitse-prezidenti R.Əliyev, İcraçı katib Ceyhun Mirzəyev regionda sosial rifahın artırılması və zəruri ehtiyacların qarşılanması istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıb. Eyni zamanda, gələcək layihələr üzrə təkliflər dinlənilib və planlaşdırılan təşəbbüslərlə bağlı ilkin razılaşmalar əldə olunub. Görüşdə xüsusi olaraq vurğulanıb ki, hazırda bölgələrdə fəaliyyət göstərəcək bölmə sədrləri müasir tələblərə cavab verməli,  yeniliklərə açıq olmalıdır. Əks təqdirdə onların fəaliyyət göstərmələri mümkünsüz olacaq. Görüş iştirakçılar tərəfindən müsbət qarşılanıb və bölgədə AzQAC-ın fəaliyyətinin daha da sistemli şəkildə həyata keçirilməsinə töhfə verəcəyi vurğulanıb.