2025-ci il iyunun 25-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
Lənkaran Regional Mərkəzində AzQAC-ın
prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun iştirakı ilə Lənkaran, Tərtər,
Bərdə, Füzuli və digər şəhər bölmələrinin əməkdaşları və könüllüləri ilə görüş
keçirilmişdir. Görüşdə təşkilatın yerli nümayəndələri və fəal könüllülər
iştirak etmişdir.
İclası giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov tədbir iştirakçılarını
salamlayaraq, Cəmiyyətin könüllü hərəkatına verdiyi yüksək dəyəri vurğulamış və
bu istiqamətdə görülən işlərdən bəhs etmişdir. O, könüllülərin cəmiyyətin əsas
dayaqlarından biri olduğunu qeyd etmiş, onların fədakar fəaliyyəti nəticəsində
humanitar missiyaların uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır.
Daha sonra gündəlik məsələlərin müzakirəsinə başlanılmış və
Cəmiyyətin ümumi fəaliyyət istiqamətləri barədə geniş məlumat verilmişdir.
Çıxış zamanı xüsusilə ehtiyaclı insanlara, eləcə də fəlakət və böhranlar zamanı
zərərçəkmiş əhaliyə göstərilən zəruri humanitar yardımlarla bağlı fikir mübadiləsi
aparılmışdır.
Novruz Aslanov həmçinin qeyd etmişdir ki, fövqəladə hallar
zamanı baş verə biləcək istənilən hadisəyə çevik və operativ cavabvermə tədbirlərinin
həyata keçirilməsi Cəmiyyətin əsas prioritetlərindəndir. Bu baxımdan könüllülərin
maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması istiqamətində təlim
və hazırlıqların davam etdirilməsinin vacibliyi vurğulanmışdır.
Görüş qarşılıqlı dialoq şəraitində keçmiş, iştirakçılar öz
suallarını vermiş və gələcək fəaliyyətlərə dair bir sıra təkliflər səsləndirmişlər.
Sonda xatirə şəkil çəkilib.