AzQAC-da miqrant müdavimlərin Azərbaycan dili kursunun 12-ci buraxılışı qeyd olunub
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-da miqrant müdavimlərin Azərbaycan dili kursunun 12-ci buraxılışı qeyd olunub
30 iyun 2025-ci ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş ofisində miqrant müdavimlər üçün təşkil olunan Azərbaycan dili kursunun 12-ci buraxılışına həsr olunmuş tədbir keçirilib. Tədbir rəhbəri, müəllimə Sona Hacıyeva 70 akademik saatdan ibarət tədris proqramını uğurla başa vuran iştirakçıları təbrik edib. Daha sonra çıxış edən AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə, Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov və digər şöbə rəhbərləri bu layihənin miqrantların cəmiyyətə inteqrasiyasındakı əhəmiyyətini vurğulayıblar. Tədbirdə qeyd olunub ki, kurs müddətində iştirakçılar yalnız dil öyrənməklə kifayətlənməyib, həm də ekskursiyalar, bayram tədbirləri və müxtəlif sosial dəstək proqramlarına cəlb olunublar. Həmçinin onlara ərzaq, geyim və məişət yardımları göstərilib. Sonda kursu müvəffəqiyyətlə bitirən müdavimlərə şəhadətnamələr təqdim olunub və onlar bu imkanı yaratdığı üçün Qızıl Aypara Cəmiyyətinə və müəllimlərinə öz təşəkkürlərini bildiriblər. Tədbirin axırında "Vertebra" Onurğa Klinikası tərəfindən geyim yardımı paylanılıb və iştirakçılara təmənnasız tibbi müayinədən keçmələri təklif olunub. Mərasimin sonu kollektiv xatirə şəklinin çəkilməsi ilə başa çatıb.