2 iyul 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun iştirakı ilə Tovuz
rayonunda Gəncə Regional Mərkəz və ona aid olan Gədəbəy, Qazax, Daşkəsən,
Goranboy, Samux, Göygöl, Gəncə, Ağstafa, Şəmkir bölmələrinin əməkdaşları və
könüllüləri ilə görüş keçirilmişdir. Görüşdə təşkilatın yerli nümayəndələri və fəal
könüllülər iştirak etmişdir.
İclası giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
prezidenti Novruz Aslanov tədbir iştirakçılarını salamlayaraq, Cəmiyyətin
könüllü hərəkatına verdiyi yüksək dəyəri vurğulamış və bu istiqamətdə görülən
işlərdən bəhs etmişdir. O, könüllülərin cəmiyyətin əsas dayaqlarından biri
olduğunu qeyd etmiş, onların fədakar fəaliyyəti nəticəsində humanitar
missiyaların uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır.
Daha sonra gündəlik məsələlərin müzakirəsinə başlanılmış və
Cəmiyyətin ümumi fəaliyyət istiqamətləri barədə geniş məlumat verilmişdir.
Çıxış zamanı xüsusilə ehtiyaclı insanlara, eləcə də fəlakət və böhranlar zamanı
zərərçəkmiş əhaliyə göstərilən zəruri humanitar yardımlarla bağlı fikir mübadiləsi
aparılmışdır.
Novruz Aslanov həmçinin qeyd etmişdir ki, fövqəladə hallar
zamanı baş verə biləcək istənilən hadisəyə çevik və operativ cavabvermə tədbirlərinin
həyata keçirilməsi Cəmiyyətin əsas prioritetlərindəndir. Bu baxımdan könüllülərin
maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması istiqamətində təlim
və hazırlıqların davam etdirilməsinin vacibliyi vurğulanmışdır.
Görüş qarşılıqlı dialoq şəraitində keçmiş, iştirakçılar öz
suallarını vermiş və gələcək fəaliyyətlərə dair bir sıra təkliflər səsləndirmişlər.
Sonda xatirə şəkil çəkilib.