Baş Qərargahda Türk Kızılayının yeni nümayəndəsi təqdim olunub

Əsas səhifə / XƏBƏRLƏR / Baş Qərargahda Türk Kızılayının yeni nümayəndəsi təqdim olunub

2025-ci il 11 iyul tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində keçirilən görüşdə Türk Kızılayının Azərbaycan üzrə yeni nümayəndəsi təqdim olunub. Tədbiri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı Katibi Ceyhun Mirzəyev giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və Türk Kızılayının ölkəmizdəki yeni nümayəndəsi Bayram Selvini kollektivə təqdim edib.
Bayram Selvi öz çıxışında göstərilən etimada görə təşəkkürünü bildirib və gələcək əməkdaşlıq istiqamətləri, birgə həyata keçirilməsi planlaşdırılan humanitar layihələr barədə fikirlərini bölüşüb. Görüş zamanı həmçinin əvvəlki illərdə iki təşkilat arasında mövcud olan uğurlu əməkdaşlıq təcrübəsi də nəzərdən keçirilib.
Bayram Selvi Türk Kızılayının regional humanitar fəaliyyəti çərçivəsində Azərbaycanın strateji tərəfdaşlardan biri olduğunu xüsusi vurğulayaraq, bu əlaqələrin yalnızca rəsmi çərçivədə deyil, həm də humanist dəyərlər fonunda inkişaf etdiyini qeyd edib.
İclas çərçivəsində gələcəkdə icra olunacaq birgə proqramların icra mexanizmləri, tərəflərin rolu və yerli icmalarla əməkdaşlıq perspektivləri barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Hər iki təşkilatın nümayəndələri beynəlxalq humanitar prinsiplərə əsaslanaraq, bölgədə ehtiyac sahibi olan insanların rifahının yüksəldilməsi üçün səylərin birləşdirilməsinin vacibliyini ifadə ediblər. Tərəflər qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində səmərəli fəaliyyətlərin davam etdiriləcəyini vurğulayıblar.