2025-ci il 11 iyul tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Türk Kızılayının Azərbaycan
üzrə yeni təyin olunmuş nümayəndəsi Bayram Selvini qəbul edib. Görüş zamanı iki
təşkilat arasında mövcud olan uzunmüddətli
əməkdaşlıq, tərəfdaşlıq münasibətləri, birgə həyata keçirilən humanitar layihələr
və gələcək fəaliyyət planları müzakirə olunub.
Cəmiyyətin prezidenti qarşılıqlı etimada əsaslanan əlaqələrin
regional humanitar fəaliyyətin genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb
və bu sahədə Türk Kızılayının dəstəyini yüksək qiymətləndirib. Bayram Selvi isə
çıxışında Azərbaycanın humanitar sahədəki nailiyyətlərini diqqətə çatdıraraq, tərəfdaşlıq
çərçivəsində yeni təşəbbüslərin reallaşdırılmasına hazır olduqlarını bildirib.
Görüş çərçivəsində gələcək əməkdaşlığın prioritet
istiqamətləri, fövqəladə hallara hazırlıq, icmaların dayanıqlığının artırılması
və birgə layihələrin icra mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər,
beynəlxalq humanitar prinsiplərə əsaslanaraq, ehtiyac içində olan insanlara
daha effektiv dəstək göstərilməsi istiqamətində səylərin birləşdirilməsinin
vacibliyini bir daha vurğulayıblar.