Türk Dövlətləri Təşkilatına üzv ölkələrin humanitar qurumları
arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində və könüllülük institutunun
inkişafı məqsədilə daha bir mühüm təşəbbüs irəli sürülüb. “Gənclər və Könüllülər
Şəbəkəsi” adlı bu platforma, Türk Dövlətləri arasında həmrəyliyin, mədəni
yaxınlığın və humanitar sahədə birgə fəaliyyətlərin möhkəmləndirilməsi məqsədilə
yaradılıb.
Layihənin əsas məqsədi Türk dünyasına mənsub milli cəmiyyətlər
– o cümlədən, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Türk Kızılayı və digər üzv
dövlətlərin humanitar təşkilatlarının könüllü və gənclərinin ortaq fəaliyyətini
təmin etməkdir. Gənclər arasında qarşılıqlı təcrübə mübadiləsi, birgə təlimlər,
sosial layihələr və fövqəladə hallara hazırlıq və cavabvermə bu şəbəkənin əsas
istiqamətlərindəndir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Türk Kızılayının birgə təşəbbüsü
ilə baş tutan tədbirdə giriş nitqini Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti
Qafar Əsgərzadə açaraq gənclər şəbəkəsindən olan gözləntilərini bütün
iştirakçılara çatdırmışdır. Tədbirdə Türk Kızılayının nümayəndə heyəti, Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin rəhbər heyəti, əməkdaşları və könüllülər iştirak etmişlər. Həmçinin
görüş dialoq formatında davam etdirərək, qarşılıqlı fikir mübadiləsi və təşəbbüslərin
paylaşılması ilə zəngin keçirilmişdir.
Bu təşəbbüs Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Türk
Kızılayının birgə çağırışları ilə rəsmi olaraq təqdim olunub. Hər iki təşkilat könüllülüyün
gücünü ortaq dəyərlər ətrafında birləşdirməyə çağırış edib. Görüş zamanı
vurğulanıb ki, gənclər bu platformada yalnız iştirakçı deyil, həm də təşəbbüskar
və lider rolunu oynamalıdırlar.
Tədbirdə çıxış edən Türk Kızılayı və Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin nümayəndələri bu təşəbbüsün gələcəkdə Türk Dövlətləri üçün ortaq dəyərə
çevriləcəyini vurğulayıb. Bildirilib ki, könüllülük yalnız yardım fəaliyyəti
deyil, eyni zamanda xalqlar arasında körpü rolunu oynayan bir dəyərdir.
Tədbirə həmçinin onlayn platformalar üzərindən onlarla
könüllü qoşulub. Onlar da fəal şəkildə diskussiyalara qatılıb, öz fikirlərini,
baxış bucaqlarını və gələcəyə dair çağırışlarını səsləndiriblər. Təkliflər əsasən,
Türk dünyasında humanitar əməkdaşlığın dərinləşdirilməsi, təlim və təcrübə mübadilələri
və ortaq sosial layihələrin həyata keçirilməsi istiqamətində olub.
Yeni yaradılan “Gənclər və Könüllülər Şəbəkəsi” gələcəkdə
Türk dünyasında humanitar əməkdaşlığın mühüm dayaqlarından birinə çevrilmək
niyyətindədir.
Görüşdən sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Türk
Kızılayının nümayəndələri arasında ikitərəfli görüş keçirilmişdir.