“İctimai iştirakçılıq haqqında” Azərbaycan
Respublikasının Qanununa, bu Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası
Prezidentinin müvafiq Fərmanına, eləcə də Azərbaycan Respublikası Nazirlər
Kabinetinin təsdiq etdiyi “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən
seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Dövlət Miqrasiya Xidməti yanında
İctimai Şuranın (bundan sonra – İctimai Şura) yeni tərkibinin formalaşdırılması
məqsədilə 28 iyul 2025-ci il tarixində yeni seçki keçirilib.
Seçkinin təşkili üçün 9 nəfərdən ibarət Seçki
Komissiyası yaradılıb. Seçkilərin keçiriləcəyi barədə əvvəlcədən ictimaiyyətə rəsmi
elan verilib. İctimai Şuraya üzv olmaq üçün ümumilikdə 27 nəfərin namizədliyi
qeydə alınmışdır.
Seçkinin nəticələrinə əsasən, qanunvericilikdə nəzərdə
tutulmuş səs çoxluğunu toplamış 9 namizəd İctimai Şuranın yeni tərkibinə üzv
seçilib və namizədlərin arasında artıq 5-ci dəfə bu etimadı qazanmış Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin Baş katibinin müavini, Miqrasiya şöbəsinin müdiri Kətanov
Məmməd Teymur oğlu İctimai Şuraya üzv seçilib.
Dövlət Miqrasiya Xidməti yanında fəaliyyət göstərən
İctimai Şura miqrasiya sahəsinə dair məsələlərin müzakirə olunması, müvafiq təkliflərin
hazırlanması, qanun layihələrinin təkmilləşdirilməsi, ictimai rəyin öyrənilməsi
və Xidmətin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi istiqamətində fəaliyyət
göstərir. “İctimai iştirakçılıq haqqında” Qanuna əsasən, İctimai Şuranın səlahiyyət
müddəti iki ildir. Ümid edirik ki, Məmməd Kətanovun Azərbaycan QAC-da miqrasiya
sahəsində əldə etdiyi bilik və təcrübə, eləcə də bu illər ərzində İctimai
Şurada qazandığı təcrübə onun Şuradakı gələcək fəaliyyətinə öz müsbət təsirini
göstərəcək.