2025-ci il sentyabr ayının 13-də Bərdə rayonunun 866 saylı Məcburi Köçkünlərin yerləşdiyi gəsəbədə “Qadın və uşaqların sağlamlığının qorunması” mövzusunda humanitar aksiya keçirilib və Ümümdünya İlk Yardım Günü qeyd edilib.
Tədbirdə AzQAC-ın ‘’Sağlamlıq və qayğı’’ şöbəsinin və Miqrasiya şöbəsinin heyəti, AzQAC-ın Bərdə rayon bölməsinin işçi və könüllü heyəti iştirak ediblər. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və komitənin yerli nümayəndəlikləri tədbirə dəstək göstərmiş, tədbirin icra olunmasında “Güvən dayə xidməti’’ tərəfdaş təşkilatı, onun rəhbəri Sara xanım Şəfaqətova və könüllü həkim heyəti-Aidə xanım Ələkbərova və Şəfa xanım İbadullayeva yardım ediblər.
Tədbir zamanı məcburi köçkün ailələrdən 250 nəfərdən artıq qadın və uşaqlar müayinədən keçib. Müayinələr zamanı valideynlərin sualları cavablandırılıb və ümumi məsləhətlər verilib.
AzQAC-ın İcmaya əsaslanan sağlamlıq proqramının mütəxəssisi Mətanət
Qaraxanova “Qadın və uşaqların sağlamlığının qorunmasında yeni yanaşmaların tədbiqi’’
mövzusunda qısa məlumat təqdim etmişdir. AzQAC-ın Sağlamlıq şöbəsinin
müdiri/İcraçı Katibin müavini, Səbinə Məhbubi-İran aparılan müayinələr və əhali
ilə olan söhbətlər əsasında belə bir tədbirlərin tez-tez təşkil olunmasının
vacibliyini qeyd edib. Tədbir boyu müayinədən keçmiş ailələrə gigiyenik və
uşaqlar üçün dəstlər, maariflənidirci bukletlər, kitabçalar paylanılıb.
Tədbirin ikinci hissəsində Ümumdünya İlk Yardım Günü qeyd edilib.
Ümumdünya İlk Yardım Günü hər il sentyabr ayının ikinci şənbə günü
qeyd olunur və gündəlik həyatda, eləcə də fövqəladə hallarda ilk yardım bilik və
bacarıqlarının əhəmiyyəti vurğulanır. Bu gün 2000-ci ildə Beynəlxalq Qızıl Xaç
və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən İlk yardımın həyat
qurtaran bacarıqları haqqında məlumatlılığı artırmaq məqsədilə təsis
olunmuşdur.
Bu il Ümumdünya İlk Yardım Günü 13 Sentyabr 2025-ci il şənbə günü
“İlk Yardım və İqlim Dəyişikliyi” devizi altında keçirilib.
AzQAC tərəfindən bu gün münasibətilə qeyd olunan qəsəbədə İlk Yardım postu qurulub, ətrafda toplaşan əhali üçün seçilmiş mövzular üzrə (qanaxmaların dayandırılması qaydaları, burun qanaxması, sınıqlar, yanıqlar və onlara göstərilən ilk yardım, ürəyin dolayı masajı, bərpa vəziyyəti, daşınma üsulları) izahlar verilmiş və praktiki nümayişlər təşkil olunub.
Tədbirin sonunda iştirakçılara İlk Yardım bukletləri
paylanılıb.