2025-ci il 19 sentyabr tarixində Şuşa şəhərində
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş
Qərargahı, Qarabağ, Sumqayıt, Bərdə, Tərtər və Füzuli regional mərkəz və rayon
bölmələrinin əməkdaşları və könüllüləri Ümumdünya İlk Yardım Günü münasibətilə
tədbir keçiriblər. Məqsəd əhalinin ilk yardım bacarıqları barədə
maarifləndirilməsi və həyat qurtaran bacarıqların təbliği olub.
Tədbir zamanı qanaxmaların dayandırılması, burun
qanaxması, yanıqlar, sınıqlar, bərpa vəziyyəti, daşınma üsulları və ürəyin
dolayı masajı mövzularında izahatlar verilib və praktiki nümayişlər aparılıb.
Tədbir interaktiv şəkildə keçirilib, iştirakçılar
suallarını verib, praktiki məşqlərdə iştirak ediblər. Ürəyin dolayı masajı
mövzusu üzrə xüsusi nümayişlər keçirilib və AzQAC könüllüləri flash mob təşkil
edərək bacarıqlarını nümayiş etdiriblər.
Sonda iştirakçılara maarifləndirici bukletlər paylanılıb.
AzQAC nümayəndələri ilk yardım biliklərinin vacibliyini vurğulayaraq
bildiriblər ki, bu vərdişlər insanlara hər bir şəraitdə özlərinə və yaxınlarına
yardım göstərməyə və həyat xilas etməyə imkan verir.