AzQAC-ın nümayəndələri 1 oktyabr –Beynəlxalq Ahıllar Gününə həsr olunmuş tədbirdə iştirak ediblər

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın nümayəndələri 1 oktyabr –Beynəlxalq Ahıllar Gününə həsr olunmuş tədbirdə iştirak ediblər

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, AzQAC-ın Sağlamlıq və qayğı şöbəsinin müdiri/İcraçı Katibin müavini Səbinə Məhbubi-İran, AzQAC-ın İcmaya əsaslanan sağlamlıq proqramının mütəxəssisi Mətanət Qaraxanova Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində təşkil edilmiş 1 oktyabr –Beynəlxalq Ahıllar Gününə həsr olunmuş tədbirdə iştirak ediblər.

Dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları, səhiyyə müəssisələri və ictimai birlik nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi cəmiyyətin diqqətini ahıl əhalinin aktual problemlərinə yönəltmək, bu istiqamətdə birgə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparmaq olub.

AzQAC-ın nümayəndəsi Səbinə Məhbubi-İran “Birgə əməkdaşlıq perspektivləri və gələcəyə baxış” mövzusunda çıxış edərək dövlət strukturları, yerli icra hakimiyyətləri və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi, əməkdaşlıq çərçivəsində ahılların sağlamlıq xidmətlərinə çıxışının yaxşılaşdırılması, sosial dəstək mexanizmlərinin gücləndirilməsi istiqamətində addımların atılmasını vurğulayıb. Eyni zamanda o, icma əsaslı xidmətlərin genişləndirilməsi,  peşəkar mütəxəssislər və könüllülərdən ibarət birgə qrupların yaradılması, ahılların müalicəsi, reabilitasiyası, onlara psixososial yardımın göstərilməsi və  maarifləndirmələrinin, rəqəmsal texnologiyaların müvafiq qaydada tətbiqi vacibliyini qeyd edib. Çıxışda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının sözü gedən mövzuda təşəbbüsündən bəhrənilməsi tövsiyyə edilmişdir.

Dəyirmi masada yaşlı insanlar üçün tibbi xidmətin təşkili, sektorlararası əməkdaşlıq və s. mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb. ATU, ÜST, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “Üçüncü Bahar”  Yaşlılara Dəstək İctimai Birliyi nümayəndələri və digər iştirakçılar tərəfindən faydalı təkliflər səslənib, müvafiq qurumlar arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi məqsədilə İşçi qrup yaradılıb.