2025-ci il 09 oktyabr tarixində itkin düşmüş şəxslərin probleminə həsr olunmuş “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə bir sıra ölkələrin humanitar təşkilatlarının nümayəndələri, beynəlxalq ekspertlər və dövlət qurumlarının təmsilçiləri iştirak edib. Həmçinin, tədbirdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləridə yer alıb.
Konfransın əsas məqsədi itkin düşmüş şəxslərlə bağlı qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, beynəlxalq təcrübə mübadiləsinin aparılması və mövcud problemlərin həlli istiqamətində birgə səylərin artırılması olub.
Azərbaycan Qızıl Aypara Cəmiyyətini konfransda Cəmiyyətin prezidenti, Millət vəkili Novruz Aslanov və Baş katib müavini Şaban Şayev təmsil ediblər. Baş katib müavini Şaban Şayev tədbirin ikinci panel iclasına rəhbərlik edib. Öz çıxışlarında Cəmiyyətin prezidenti, Millət vəkili Novruz Aslanov və Şaban Şayev Azərbaycanda bu sahədə həyata keçirilən humanitar fəaliyyətlər, göstərilən dəstək mexanizmləri və gələcək əməkdaşlıq imkanları barədə məlumat veriblər.