2025-ci il 20 oktyabr tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş Qərargahında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) nümayəndələrinin iştirakı ilə ikitərəfli görüş keçirilib.
Görüşün əsas məqsədi “Körpü rolu – Azərbaycan vətəndaş cəmiyyəti aktorlarının yerli imkan və qabiliyyətləri ilə icma ehtiyacları arasında körpü yaratmaq” layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlərin monitorinq və qiymətləndirilməsini aparmaq, əldə olunan nəticələri təhlil etmək, eləcə də gələcək dövr üçün strateji planın inkişaf istiqamətlərini müzakirə etmək olub.
Tərəflər əməkdaşlığın mövcud vəziyyəti, həyata keçirilən layihələrin dayanıqlığı, qarşılıqlı tərəfdaşlığın gücləndirilməsi və yeni təşəbbüslərin planlaşdırılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində sual-cavab sessiyası da təşkil olunub. Sessiya zamanı xüsusilə psixososial dəstək (MHPSS), nağd və vauçer yardımı (CVA), mina və partlamamış hərbi sursatlar üzrə risklər barədə maarifləndirmə, eləcə də AzQAC-ın yerli bölmələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
Daha sonra Avropa İttifaqı və Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası tərəfindən dəstəklənən "Azərbaycanda
icma ehtiyacları və vətəndaş cəmiyyətlərinin yerli potensialı və imkanları
arasındakı boşluğun aradan qaldırılması" layihəsinin qiymətləndirmə
prosesi ilə bağlı görüş keçirilib.
Görüşün əsas məqsədi proqramın
icrası çərçivəsində əldə olunan nəticələrin, mövcud çətinliklərin və gələcək fəaliyyətlərin
müzakirə edilməsi idi. Qiymətləndirmə komandası AzQAC-a və tərəfdaşlarla
birlikdə proqramın təsirini, icmaların ehtiyaclarına cavabvermə səviyyəsini və
yerli potensialın gücləndirilməsi istiqamətində atılan addımları təhlil edib.
AzQAC-ın rəhbərliyi qiymətləndirmə prosesini təşkilat üçün vacib imkan kimi dəyərləndirərək, layihənin gələcək strategiya və fəaliyyətlərin planlaşdırılmasına əhəmiyyətli töhfə verəcəyini qeyd edib.