Türk Dövlətləri Təşkilatı (TDT) humanitar
strategiyasını müəyyən etməklə, beynəlxalq həmrəyliyin yeni dövrünün əsasını
qoyur. Qızıl Aypara Cəmiyyətinin 105 illik yubileyini qeyd etdiyimiz üçün bu il
bizim üçün xüsusi əhəmiyyət kəsb edir. 100 ildən çox tarixi ərzində bu təşkilat
minlərlə insana ümid, dəstək və şəfqət bəxş etmişdir. Bundan əlavə, ölkəmizdə ən
etibarlı humanitar təşkilatlardan birinə çevrilmişdir.
Bu sözləri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
prezidenti, Millət vəkili Novruz Aslanov TDT-yə üzv ölkələrin Qızıl Aypara Şəbəkəsinin
rəhbərlərinin görüşündə deyib.
O qeyd edib ki, Azərbaycan türk birliyinə
sadiqliyini sözlə deyil, konkret əməlləri ilə nümayiş etdirir. "Prezident
İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan TDT-nin əsas geosiyasi və
iqtisadi dayaqlarından birinə çevrilib. Bu yaxınlarda Qəbələdə keçirilən sammit
bunun bariz nümunəsidir. Bu təşəbbüslər mədəni, elmi və humanitar əlaqələrimizi
daha da gücləndirir. Qızıl Aypara Cəmiyyətləri Şəbəkəsinin yaradılması istiqamətində
TDT-yə daxil olan Qızıl Aypara Cəmiyyətlərin rəhbərləri tərəfindən memorandumun imzalanması mühüm
addımdır.
Vahid humanitar cavab mexanizmlərinin
inkişafı, strateji əhəmiyyət kəsb edən bu qərar humanitar dəyərlər, həmrəylik və
qarşılıqlı dəstək prinsiplərinə tam uyğundur, çünki bizim ən böyük məqsədimiz bəşəriyyətə
xidmət etməkdir.